Məhkəmə qərarları › İş №3(002)-70/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-70/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-70/2023 19.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2, ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfərləri, polis serjantı X4 və X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakları ilə 08 avqust 1990-cı ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Şükürbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, X3 18 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu Park 1 yaşayış kompleksinin qarşısında polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 19 yanvar 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfərləri, polis baş serjantı X10, polis serjantı X8 və polis serjantı X9 xidmətdə olarkən bir vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsini Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu park” yaşayış kompleksinin yaxınlığında, məktəbin qarşısında yolun hərəkət istiqamətində saxladığını görmüş, ondan maşını yolun hərəkət istiqamətindən götürməyi tələb etdikdə o polis əməkaşlarının tələblərinə tabe olmayaraq konkret şəxsə ünvanlanmamış nalayiq söyüşlər işlədərək maşınını yüksək sürətlə idarə etməyə başlamışdır. Onlar həmin şəxsi 10-cu PB-ya dəvət etmiş, bölmədə həmin vətəndaşın X3 olduğu müəyyən olunmuşdur. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 19 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı X11 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində X10 və X8 ilə 9693 saylı çağırışla avtopatrul xidməti apararkən bir vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsini Qobu-Park yaşayış kompleksinin yaxınlığında, məktəbin qarşısında yolun hərəkət istiqamətində saxlayaraq digər hərəkət iştirakçılarına kobud şəkildə mane olduğunu görmüşlər. Ondan maşını yolun hərəkət istiqamətindən götürməyi tələb etdikdə o polis əməkaşlarının tələblərinə tabe olmayaraq konkret şəxsə ünvanlanmamış nalayiq söyüşlər işlədərək maşınını yüksək sürətlə idarə etməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də sonuncu öz əməllərinə davam etmiş, buna görə də onu 10-cu PB-ya dəvət etmişlər. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı X8 öz izahatında ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı X6 dediklərini təsdiq edərək eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 öz izahatında qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 18 yanvar 2023-cü il tarixdə özünə məxsus olan “Renault Megane” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillə “Qobu Park” yaşayış kompleksinin ərazisində yerləşən avtomobil dayanacağında avtomobili dayanacağa yerləşdirmək istəyərkən qarşısında olan avtomobilin sahibindən maşını çəkməsini tələb etmiş, o bunu etmədikdə əsəbiləşmişdir. Nəticədə maşını yüksək sürətlə idarə etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə ÇPA əməkdaşları onu 10-cu PB-na gətirmişlər. O, səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X1 törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X3 tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, X1 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar