Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-709/2024 27.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası X3 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X3 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 28 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən ünvan 1 ünvanında 28 fevral 2024-cü il tarixdə, saat 14:59-da “№ 1 market” adlı obyektin üzərində olan müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X3 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən “№ 1 market” adlı obyektin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə 24 yanvar 2024-cü il tarixli akt tərtib edilmişdir. Daha sonra 01 fevral 2024-cü il tarixdə fərdi sahibkar Şəxs rəsmi qaydada “müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş” ünvanlanmış və həmin göstəriş 01 fevral 2024-cü il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq qanunla müəyyən edilmiş qaydada və müddətdə göstərişin icrası təmin edilməmişdir. Göstərişdə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq 24 yanvar 2024-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması şirkətdən tələb edilmiş, icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmələri və ya icazəsiz reklam yayımını dayandırmaları tələb olunmuşdur. Lakin vətəndaş tərəfindən müvaiq göstəriş alındıqdan sonra nəzərdə tutulan müddətdə pozuntu aradan qaldırılmamışdır. Nəticədə 28 fevral 2024-cü il tarixdə, MN ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən fərdi sahibkar Şəxs öz izahatında bildirmişdir ki, təximnən doqquz ilə yaxındır ki, ünvan 1 ünvanında yerləşən “№ 1 market” adlı obyekti işlədir. X1 qanunsuz reklam yerləşdirməsi ilə bağlı hər hansı müraciət olunmayıb. Bundan başqa “müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstərişi o rəsmi qaydada almamış, bundan xəbəri olmamışdır. Ola bilər ki, həmin göstərişi atası alıb, lakin onun bu haqda məlumatı yoxdur. Bundan başqa barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən o bu prossesə cəlb olunmamışdır. Yəni, protokolda qeyd edilən məlumatlar həqiqətə uyğun deyildir. Qeyd edilənləri və inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və işdə olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin halları ilə tam sübuta yetirlir. Belə ki, iş materiallarında olan 01 fevral 2024-cü il tarixli, 11-3-1/2-184/2024 saylı göstərişdən aydın olur ki, icrası məcburi olan göstərişi alındığı vaxtdan 5 gün ərzində xx.xx.2023-cü il tarixli, M**********0001 nömrəli dövlət rüsumu ödənişi üçün bildirişə əsasən dövlət rüsumunun ödənilməsi tələb olunmuş, əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barənizdə inzibati xəta haqqında protokol tərtib ediləcəyi qeyd edilmişdir. Lakin reklam yerləşdirilməsinə icazənin alınması üçün müvafiq ödəniş ödənilməmişdir. Belə ki, “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsində göstərilir ki, reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsində göstərilir ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də aydın olur ki, Şəxs işlətdiyi mağazanın üzərində sahəsi bir kvadrat metrdən artıq olan “№ 1 MARKET” yazısının açıq məkanda yerləşdirilməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilir ki, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-709/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-709/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver