Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-71/2023 19.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, (FİN: xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Qaradağ rayonu, Qobu park, yaşayış kompleksinin qarşısında polis əməkdaşlarının qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayor X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan **-UT-*** dövlət qeydiyyat nişanlı minik maşını ilə “Qobu park” yaşayış kompleksinin qarşısında taksi fəaliyyəti göstərmək üçün dayanacaqda sərnişin gözləyirmiş. Polis əməkdaşları ona maşını dayanacaqda saxlamamasını bildirmişlər. Lakin, o, polis əməkdaşlarına 1 nəfər sərnişin götürüb gedəcəyini bildirsə də polis əməkdaşları ondan maşınını dərhal sürüb getməsini tələb etmişlər. Buna görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Hazırda əməlindən peşmandır, himayəsində olan dörd uşağından birinin psixoloji xəstəliyi olduğunu nəzərə alaraq, barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra məhkəmə iclasında bildirmişdir ki, bir müddət əvvəl nəqliyyat vasitəsinin güzgü hissəsinin oğurlanması və oğurluq hadisəsini törətmiş şəxslərin müəyyən edilməməsi səbəbindən polis əməkdaşlarına sərt münasibət nümayiş etdirmiş, onların xidməti fəaliyyətləri barədə ağır ifadələr səsləndirmişdir. Bundan əlavə bildirmişdir ki, əlilliyi yoxdur, müdafiəçinin yardımından istifadə etmək istəmir və bu hal onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X5 izahat verərək bildirmişdir ki, raportu xx.xx.2023-cü il tarixdə o, tərtib etmişdir. “Qobu park” yaşayış kompleksi istiqamətində hərəkətdə olarkən **-UT-*** dövlət qeydiyyat nişanlı minik maşının məktəbin qarşısında dayanaraq, digər nəqliyyat vasitələrinin həmin yolda hərəkətinə mane olduğunu görərək, yaxınlaşmışlar. Nəqliyyat vasitəsinə yaxınlaşdıqda sürücünün Şəxs olduğunu müəyyən etmişlər. Sürücüdən nəqliyyat vasitəsini bir qədər kənarlaşdırmağı tələb etdikdə, sürücü onları təhqir etmiş, nəqliyyat vasitəsini kənarlaşdırmayacağını bildirmiş, onların xidməti fəaliyyəti ilə bağlı ağır ifadələr səsləndirmişdir. Bu səbəbdən onu Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X4 özündən əvvəl izahat vermiş şahid X3 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin rəisi vəzifəsini əvəz edən polis kapitanı Nicat İslamlıya ünvanlanmış 18 yanvar 2023-cü il tarixli raportdan görünür ki, 18 yanvar 2023-cü il tarixdə saat 15:30 radələrində 9693 çağırışlı avtopatrulda xidmət apararkən “Qobu park” yaşayış kompleksi adlanan ərazidə maşını məktəbin qarşısında yolun hərəkət istiqamətində saxlamışdır. Sürücüyə maşını yolun hərəkət istiqamətindən çəkməyini bildirmişlər. Vətəndaş polisin tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş, yüksək səslə nalayiq ifadələr işlətmişdir. Daha sonra maşını yüksək sürətlə idarə etmişdir. Polis əməkdaşları vətəndaşa yaxınlaşaraq ona bir daha onu nalayiq sözlər işlətməməyi və ona sakitləşməyini bildirmişlər. Vətəndaş yenidən yüksək səslə danışmağa davam etmiş, daha sonra polis əməkdaşları onu 9693 çağrışlı avtopatrulla 10cu polis bölməsinə aparmışlar. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 18 yanvar 2023-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxslərin, həmçinin şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Yol patrul xidməti əməkdaşlarının qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-71/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-71/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver