Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-713/2020 22.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən X2, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Azərbaycan Respubliaksı Baş Prokurorluğundan daxil olmuş xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarda göstərilmişdir ki, Şəxs istifadəsində olan avtomobil ilə karantin qaydalarını pozaraq Bakı şəhər qeydiyyatında olan vətəndaşları pul müqabilində qanunsuz olaraq Qaradağ rayonu, Ələt qəsəbəsində quraşdırılmış karantin postundan keçirdərək Gəncə şəhərinə daşımışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə İnzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Şəxs Qənbər oğlu istifadəsində olan “Mercedes E 220 CDİ Turbo” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobillə karantin qaydalarını pozaraq Bakı şəhər qeydiyyatında olan müxtəlif vətəndaşlardan pul vəsaitləri alaraq onları Bakı şəhərindən Gəncə şəhərinə aparacağına dair razılığa gələrək X3 və əlavə 2 nəfər şəxsdən ümumilikdə 3 nəfər şəxs üçün cəmi 160 manat pul almış, lakin sonuncuları Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən stasionar postdan keçirdikdən sonra Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinin gedişatında saxlanılmışdır. Şəxs əməlinə hüquqi qiymət verilərək sonuncu barəsində Azərbaycan Respublikası CM-nion 139-1 ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlamlmasının rədd edilməsi barədə qəbul edilməklə, sonuncunun Azərbaycan Republikası İXM-nin 211.1 -ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətə cəlb edilməsi üçün materillara Azərbacan Respublikası Baş prokurorluğuna göndərilmişdir. Şəxs Qənbər oğlu xx.xx.2020-ci il tarixdə sərnişinləri qanunsuz olaraq Bakı şəhərindən Gəncə şəhərinə aparmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” xx xxx 2020-ci il tarixli 178 nömrəli və Azərbaycan Respublikası ərazisində xüsusi karantin refiminin müddətinin uzadılması barədə x xxxx 2020-ci il tarixli 195 nömrəli qərarlarının 1.2-ci bəndinin tələblərini, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılmasına dair tələbləri pozaraq Azərbaycan Republikası İXM-nin 211.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir. İş tapa bilmədiyi üçün təxminən 5-6 aydır taksi sürücüsü kimi işləməyə başlamış, yoldaşı Bakı qeydiyyatı olduğundan təxminən 1 ay əvvəl Bakıya gələrək Xırdalanda kirayə ev tutub qalmış amma kirayə pulunu verə bilmədiyindən yenidən Gəncəyə qayıtmışdır. Gəncədə ”Vüsal” adlı şəxsdən lizinqdə olan “Mercedes E 220 CDİ Turbo” markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Karantin olduğundan adamların Bakıya gəlməkdə çətinlik çəkdiyini görüb dolanışığı olmadığından onları Bakıya gətirərək qazanc əldə etməyi düşünmüşdür. Birinci dəfə tanışı, sürücü kimi fəaliyyət göstərən Elşənlə söhbət zamanı o, adamları postdan keçirməsi ilə bağlı ona kömək edəcəyini bildirmiş, bunun müqanilində 20 manat verəcəyini, postla özü həll edəcəyini, orada tanışının olduğunu demişdir. O, işi maraqlı olduğundan həmin şəxsin kim olması ilə maraqlanmamış, adını soruşmamışdır. Təxminən 6-7 gün əvvəl Gəncədən Bakıya gələn yolda dayanmış, adamlar özləri yaxınlaşaraq onları Bakıya gətirməyi demiş, 3 nəfər tanımadığı kişiləri adambaşına 30 manatdan Bakıya gətirməyi razılaşmışlar. Onla üçü də Bakı qeydiyyatı oolduqlarını demişlər. Ələt postuna çatdıqda Elşənin istifadəsində olan ***-***-**-** nömrəsinə özünün ***-***-**-** nömrəsindən zəng edərək Ələt postuna yaxınlaşdığını demiş, Elşən yandan kamaz yolu ilə keçməyi, postda oan tanışına maşının nömrəsinin verdiyini, ona dəyməyəcəklərini bildirmişdir. O da Elşənin dediyi kimi edərək kamaz yolu ilə keçərək Bakıya gəlib Şamaxinka adlanan ərazidə düşürmüş, elə orda da Elşənin 20 manatını görüşərək verdim. Sonra avtovağzala gedib oradan 3 nəfər Gəncə qeydiyyatı olan sərnişinləri götürərək iki nəfəri 20 manatdan, bir nəfəri isə 25 manatdan Gəncəyə aparıb düşürmüşdür. xx xxxx 2020-ci il tarixdə Gəncə şəhərində olarkən tanışlardan biri zəng edərək Gəncə qeydiyyatında olan ağır bir xəstəni Bakıya gətirmək lazım olduğunu bildirmişlər. Xəstə yaşlı qadın olmuş, onunla bərabər qızı da gəlmişdir. Hər üçünün adına Goranboy xəstəxanasından icazə arayışı almışlar ki, qadını Bakıya çatdırsınlar. Qadının vəziyyəti ağır olduğundan dərhal onu Bakı şəhərində Yeni Yasamalda yerləşən xəstəxanaya gətirib düşürmüş, bunun müqabilində ona 70 manat pul verilmiş, postdan keçərkən həmin arayışı göstərmişdir. Həmin gün Gəncəyə qayıdarkən boş qayıtmasın deyə avtovağzala getmiş, orada olarkən tanıdığı Fərid adlı digər taksi sürücüsü ona Gəncə maşını lazım olduğunu demiş, o boş olduğunu demişdir. Fərid 3 nəfər Bakı qeydiyyatı olan şəxsləri 120 manat müqabilində aparmağı və həmin puldan 40 manat pulun ona verəcəyini bildirmiş, o da bunla razılaşmışdır. Sonra onun telefonu ilə onlarla danışmış, Fəridin 40 manatını verərək 3 nəfəri avtovağzaldan götürüb Gəncəyə yollanmış, Ələtdə quraşdırılmış xüsusi karantin postuna çatanda polislərin başının qarışıq olduğunu və başqa istiqamətə baxdıqlarını görüb sakit maşını sürüb postan keçərək qarşıda olan “Azpetrol” yanacaq doldurma məntəqəsində avtomobili saxlayaraq avtomobilin şüşələrini silmiş, elə bu zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ona yaxınlaşaraq onlarla getməli olduğunu bildirmiş, o da onların dediklərinə tabe olmuşdur. Son olaraq əməlindən səmimi peşman olduğunu, həmin əməlləri maddi imkansızlıq səbəbindən törətdiyini qeyd edib bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarı nəzərdən keçirib, qərar qəbul etmiş orqanın nümayəndəsini və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının xx xxxx 2020-ci il tarixli Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərinə əsasən son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərmiş, virusa yoluxanların sayı artmışdır. COVİD-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılmış, (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla). Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilmişdir. Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə biləcəyini göstərilmişdir. Bundan başqa “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmiş, həmin qərarın 6-cı bəndinə əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 17:40dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-713/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-713/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver