Məhkəmə qərarları › İş №3(002)-716/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-716/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-716/2024 18.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X1 iştirakları ilə, X3 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 14:27 radələrində X4 məxsus “Opel Astra” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri, Lökbatan qəsəbəsi, Sədərək yolu ilə hərəkət edən zaman Qaradağ rayon DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən saxlanılaraq işıqforun qırmızı işığında keçdiyini bildirmişdir. O, polis əməkdaşına həmin ərazidə heç bir işıqfor və ya nizamlayıcının mövcud olmadığını söyləmişdir. Lakin, polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və protokola əsasən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli TP ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirmişdir ki, onun barəsində tərtib edilmiş protokol əsassızdır. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin baş vermiş olduğu ərazi Lökbatan qəsəbəsi, 28 May küçəsi ərazisi qeyd edilmişdir. Lakin, onun saxlanıldığı ərazi Xocasən yolu, Heybət stansiyası yaxınlığındadır. Polis əməkdaşı onun barəsində qərəzli şəkildə inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun heç bir inzibati xəta əməli törətmədiyini nəzərə alaraq, barəsində qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X2 bildirmişdir ki, inzibati xəta haqqında protokolda GPS vasitəsilə inzibati xətanın törədildiyi yer qeyd edildiyindən texniki yanlışlıq səbəbi ilə Lökbatan qəsəbəsi, 28 May küçəsi ərazisi göstərilmişdir. Əslində isə həmin ərazi Heybət stansiyası yaxınlığındadır. Lakin, hər bir halda inzibati xəta haqqında protokol qanuni və əsaslı səbəbdən tərtib edilmişdir. Belə ki, vətəndaş X5 barəsində tərtib olumuş prokoldan narazı olduğu üçün həmin ərazidə çəkilmiş inzibati xətanın törədilmə anı və vətəndaşın saxlanılma epizodları izlənildikdən sonra daha yuxarı rütbəli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyindən hər hansı qərəzlilik mövcud deyildir. X5 öz şikayətində işıqforun qırmızı işığında keçdiyinə görə cərimə edildiyini qeyd etsə də, o 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə saat 14:27 radələrində X4 məxsus “Opel Astra” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri, Lökbatan qəsəbəsi, Sədərək yolu ilə hərəkət edən zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video-görüntülərdən aydın olur ki, X5 xx.xx.2024-cü il tarixdə saat 14:27-də “Opel Astra” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri, Lökbatan qəsəbəsi, Sədərək yolu ilə hərəkət edən zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə olan qanunvericilik tələblərini kobud şəkildə pozmuşdur. Beləliklə, X3 şikayətinin dəlillərini işdə olan sübutlar və hadisə yerinin qeydə alınmış videogörüntüsünə əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X5 xx.xx.2024-cü il tarixdə saat 14:27-də “Opel Astra” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhəri, Lökbatan qəsəbəsi, Sədərək yolu ilə hərəkət edən zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə manevrləri üçün nəzərdə tutulmayan hissədə həmin manevrləri həyata keçirərkən onunla əks istiqamətdə hərəkətdə olan dövlət yol patrul xidməti avtomobilinə quraşdırılmış kamera ilə qeydə alınmış və polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, X5 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 6-cı bəndinin müvafiq tələblərini pozaraq yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yolda sol istiqamətə dönmə manevri etməsi haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci bəndinə əsasən yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər Həmin maddənin 2-ci bəndinə əsasən yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar