Məhkəmə qərarları › İş №3(002)-72/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-72/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-72/2025 09.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ DYPŞ inzibati təcrübə üzrə baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 08 yanvar 2025-ci il tarixdə, saat 16:14-də “BMW 5281” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Azərbaycan Respublikası İXM 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ DYPŞ inzibati təcrübə üzrə baş inspektoru X3 protokolu müdafiə edərək bildirdi ki, Şəxs "Tik Tok" sosial şəbəkəsində (Senan_o_) profilində etibarnamə ilə idarə etdiyi BMW markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq edərək paylaşdığı və avtoxuliqanlığı təbliğ edən videolar ilə əlaqədər, tərəfindən dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq DYPŞ-nə dəvət olunsa da, hər dəfəsində müxtəlif bəhanələr gətirərək şöbəyə yaxınlaşmaqdan və barəsində inzibati tədbir görülməsindən boyun qaçırmışdır. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsi Qaradağ rayon, Sahil qəsəbəsində xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan duracağa təmin olunsa da, şəxsin özünü şöbəyə təmin etmək mümkün olmamışdır. xx.xx.2025-ci il tarixdə sürücü Abışov X2 rayonu DYPŞ-nə gəlmiş, özünün iştirakı ilə barəsində İXM -nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmçinin bildirmişdir ki, həmin video yeni çəkilmişdir, bundan əlavə, avtomobilin istifadəsinə dair ümumilikdə 3 nəfərə etibarnamə verilmişdir. Həmin görüntülər sosial şəbəkədən götürülərək barəsində araşdırılma başlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü sözügedən inzibati xəta üzrə təqsirli bilmir, sadəcə həmin videonu öz hesabında paylaşdığına görə saxlanılmışdır. Həmin avtomobil anasının mülkiyyətində olsa da, istifadəsinə dair etibarnamələr atası, qardaşı və onun özünə verilmişdir. Videogörüntülər ona məxsus deyildir və 7 il öncə başqa bir şəxs tərəfindən çəkilmiş, o isə həmin görüntüləri sonradan əldə edərək dekabr ayında paylaşmışdır. Eyni zamanda onun hesabında başqa avtomobillərin videoları paylaşılmışdır. Lakin, sözügedən videogörüntüdə avtomobilin dövlət qeydiyyat nişanı görünmədiyindən və həmin vaxt onu idarə edən sürücünü müəyyən etmək mümkün olmadığından inzibati xətanın onun da istifadəsində olan BMW markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə törədilməsi sübuta yetirilmir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında bildirmişdir ki, İXM-nin 81.2-ci maddəsinin tələbinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Lakin, bu inzibati xəta hadisəsi sosial şəbəkə vasitəsilə, vətəndaşın şəxsi hesabında paylaşmış olduğu görüntülər nəticəsində aşkar edildiyi qeyd edilmişdir. Həmçinin, qeyd olunan videogörüntülər səthi araşdırılaraq, inzibati xətaya aidiyyəti olmayan şəxs barəsində protokol tərtib edilmişdir. Belə ki, avtomobilin mülkiyyətçisi tərəfindən 3 nəfərə nəqliyyat vasitəsindən istifadə hüququ verilmişdir. Videogörüntüdə əks olunan inzibati xətanın Şəxs tərəfindən törədilməsi sübuta yetirilmir. Eləcə də nəqliyyat vasitəsinin qeydə alındığı videogörüntüdə dövlət qeydiyyat nişanı əks olunmur. BMW markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin tarixdə videonun çəkildiyi ərazidə hərəkətdə olması halı da səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. Beləliklə, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını, onun təqsirliliyi sübut edilmədiyini nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokola əsasən, Şəxs 08 yanvar 2025-ci il tarixdə, saat 16:14 radələrində “BMW 5281” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsillə İXM 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən 01 ədəd diskə əlavə olunmuş videogörüntülər tədqiq olunaraq müəyyən edilmişdir ki, mexaniki nəqliyyat vasitəsi qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünmüşdür. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi sosial şəbəkə vasitəsilə, vətəndaşın şəxsi hesabında paylaşdığı görüntülər nəticəsində aşkar edilmişdir. Həmçinin qeyd olunan videogörüntülər səthi araşdırılaraq, inzibati xətaya aidiyyəti olmayan şəxs barəsində protokol tərtib edilmişdir. Belə ki, avtomobilin mülkiyyətçisi tərəfindən 3 nəfərə nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə verilmişdir. Videogörüntüyə nəzər yetirdikdə avtomobilin məhz hansı sürücü tərəfindən idarə edildiyini, həmçinin qeydə alınmış videogörüntüdə hərəkətdə olan həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının inzibati xəta haqqında protokola qeyd olunmuş avtomobilin dövlət qeydiyyat nişanı ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Avtomobilin əks olunduğu həmin görüntülərin məhz hansı tarixdə və harada qeydə alındığı halı da səlahiyyətli orqan tərəfindən ətraflı araşdırılmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən və bilavasitə onun istifadəsində olan nəqliyyat vasitəsi ilə İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi halı sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Qərardan rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar