Məhkəmə qərarları › İş №3(002)-723/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-723/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-723/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Səlahiyyətli orqan: Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvan 1 hüquqi ünvanda Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-0967/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 52565496 nömrəli vaqonla daxil olmuş 52908 kq “Belıy layner” adlı ağ rəngli karton yükü **********9935 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerşdirilmişdir. Lakin, daxildə emal müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq **********9935 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların daxildə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, daxildə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. **********9935 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 79848,99 (yetmiş doqquz min səkkiz yüz qırx səkkiz manat doxsan doqquz qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 (bundan sonra-səlahiyyətli orqanın nümayəndəsi) izahatında göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq 2019-cu ildə ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına daxildə emal məqsədi ilə müvəqqəti olaraq karton materiallar gətirilmişdir. Həmin mallar müvafiq gömrük prosedurunda rəsmiləşdirilməzdən əvvəl təyinat gömrük orqanı-Bakı Baş Gömrük İdarəsinə buna dair icazə alınmasından ötrü müraciət edilmiş, həmin müraciətlər gömrük orqanı tərəfindən məqbul hesab edilmiş və gömrük qanunvericiliyinin tələblərinə əsasənda hasilat normasına uyğun olaraq 1 (bir) il icazə müddəti təyin edilmişdir. Belə mallardan bir hissəsi Rusiya Federasiyasından 52565496 nömrəli vaqonla gətirilmiş, Bakı Baş Gömrük Gömrük İdarəsində **********9935 sorğu nömrəli xx.xx.2019-cu il tarixdə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, icazə müddətinə uyğun son tarix xx xxxxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Həmin müddət ərzində, mövcud gömrük qanunvericiliyinə görə idxalatçı hüquqi şəxs qanunun buna dair tələblərinə riayət edərək üzərinə qoyulan öhdəlikləri riayət etməli olduğu halda, bu müddət ərzində malları digər müvafiq prosedurda yerləşdirməmiş, yaxud müddətin uzadılmasından ötrü müraciət etməmişdir. Buna görə malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə yerinə yetirməmiş hesab edilir. Daxildə emal prosedurunu tənzimləyən gömrük qaydalarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin mühafizəsi altında olduğundan, həmin hüquqi şəxs barəsində qeyd olunan maddə ilə inzibati xəta haqqında icraat aparılmışdır. İcraatda iştirak edən hüquqi şəxsin qanuni təmsilçisi izahat verərək **********9935 sorğu nömrəli Gömrük bəyannaməsinin daxildə emal müddətinin xx.xx.2020-ci il tarixədək müddətdə təyin edildiyini qəbul edərək baş verən pozuntunun şirkətinin əvvəlki direktorunun ona işləri təhvil verərkən bu barədə məlumat verməməsi ilə izah etmişdir. Keçmiş direktorun hərəkətləri hüquqi şəxsin adından aparıldığına və qanunvericiliyə görə də direktorun hüquq pozuntusuna gətirib çıxaran hərəkətlərinin hüquqi şəxsin məsuliyyətinə səbəb ola biləcəyini, habelə gömrük orqanı qarşısında icazə almış hüquqi şəxsin öhdəlik götürdüyünə görə inzibati araşdırma zamanı əlavə sübutların toplanılmasına lüzum olmamış, mövcud sübutlar inzibati xətanın törədildiyini, hüquqi şəxsin baş verən hadisəyə aidiyyəti və təqsirliliyini müəyyən etməyə imkan verdiyindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırda iş materiallarında olan biri-digərini tamamlayan sübutlar, onların məhkəmə tədqiqi ilə protokolda göstərilən hallar sübuta yetirildiyinə görə məhkəmədən hüquqi şəxsin təqsirli bilinməsi və ona maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi olmaqla səlahiyyətli nümayəndəsi (bundan sonra-hüquqi şəxsin nümayəndəsi) X5 məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, gömrük orqanının Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi barədə mövqeyi ilə razılaşmır. Belə ki, Şəxs MMC (istehsalçı) Rusiya Federasiyasının “Qruppa İlim” şirkəti (Sifarişçi) arasında xx.xx.2018-ci il tarixli 18105773 saylı emal müqaviləsi, xx.xx.2018-ci il tarixində emal müqaviləsinə əlavə No.:1 imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırki müqavilənin şərtləri əsasında “Sifarişçi” tapşırıq verir, “İstehsalçı” isə verilmiş malların emal işini görərək hazır məhsulun almasının yerinə yetirilməsini öhdəsinə götürür. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdə qüvvəyə minir və xx.xx.2020-ci il tarixinə qədər qüvvədədir. Göründüyü kimi gömrük orqanının hazırda protokol tərtib etdiyi məsələ ilə bağlı hüquq münasibətləri Şəxs MMC ilə Rusiya Federasiyasının “Qruppa İlim” şirkəti arasında xx.xx.2018-ci il tarixli 18105773 saylı Emal müqaviləsi və ona əlavə No: 1 əsasında yaranmışdır. Həmin müqavilənin qüvvədə olma müddəti isə cari ilin dekabr ayında bitəcəkdir. Hazırda Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol məhz şirkətin əvvəlki direktoru P.Hacıyevin səhlənkarlığı və müqavilə münasibətləri barədə gömrük orqanına vaxtında və lazımi qaydada məlumat verməməsindən qaynaqlanmaqdadır. Halbuki son dərəcədə üzrlü və obyektiv səbəblər nəzərə alındığı təqdirdə şirkət tərəfindən hər hansı bir inzibati xəta sayıla biləcək əmələ yol verilməmişdir. Hüquqi şəxsin nümayəndəsi yazılı etirazı ilə yanaşı məhkəmədə izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən **********9935 sorğu nömrəli bəyannaməsi üzrə daxildə emal müddəti emal müqaviləsinin sonuna qədər təyin edilməli idi,gömrükorqanıtərəfindən 1 il müddətin təyin edilməsi təsdiq edilmir. Göstərilənlərə əsasən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 00100- 0967/20 nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi hüquqi şəxsin nümayəndəsinin yazılı etirazı ilə tanış olduqdan sonra münasibət bildirərək göstərmişdir ki, Şəxs MMC-nin xx/xx/01386 nömrəli xx.xx.2019-cu il tarixli ərizəsi əsasında Azərbaycan Respublikasına idxal etdiyi karton yükünün daxildə emal məqsədi ilə müvəqqəti idxalına icazə verilmiş, müvafiq olaraq mallara dair 10935 nömrəli xx.xx.2019-cu il tarixli invoys sənədinin müşayiəti ilə göndərilən həmin mallara dair 1400-012/0xx-xx/00496 nömrəli xx.xx.2019-cu il tarixli məktub əsasında gömrük ekspertizası rəyi verilmiş, müsbət rəy verildiyindən **********9935 sorğu nömrəli xx.xx.2019-cu il tarixli Gömrük bəyannaməsi gömrük orqanı tərəfindən rəsmiləşdirilmə üçün qəbul edilmişdir. Qeyd olunan malların daxildə emal məqsədi ilə müvəqqəti idxalına dair müraciət məktubunda malın çəkisi və invoys dəyəri ilə bağlı yalnışlıq olsa da, bu yalnışlıq sonradan gömrük orqanına verilən invoys sənədi və Gömrük bəyannaməsi ilə aradan qaldırılmışdır. **********9935 sorğu nömrəli xx.xx.2019-cu il tarixli Gömrük bəyannaməsi üzrə gömrük orqanı tərəfindən daxildə emal üçün 1 il müddət müəyyən edilmiş, həmin müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə buna dair Bakı Baş Gömrük İdarəsinin rəsmi məktubu və həmin sənədə qoşma olaraq Şəxs MMC-nin icazə üçün müraciəti, gömrük eskpertizası rəyini təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi məktub və digər sənədlər ilə tanış olduqdan sonra müraciət məktubundakı imzanın və möhürün şirkətin rəhbəri tərəfindən icra edildiyi hüquqi şəxsin nümayəndəsindən soruşulduqda bunu təkzib etməyərək mübasibələndirməmiş, belə bir müraciətin mövcudluğunu qəbul etsə də, buradakı invoys dəyəri və çəkinin səlahiyyətli orqanın çıxışı zamanı malın çəkisi və invoys dəyəri ilə bağlı yalnışlıq olsa da, bu yalnışlıq sonradan gömrük orqanına verilən invoys sənədi və Gömrük bəyannaməsi ilə aradan qaldırılmasına dair mövqeyi ilə razılaşmadığını, müraciətdəki karton sayının bəyannaməyə aid olması ilə razılaşsa da, invoys dəyəri və çəkinin düzgün yazılmadığını göstərmiş, lakin müraciətin digər mala aid olduğuna dair sübut da təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı Baş Gömrük İdarəsinin Xüsusi Görmük Prosedurları şöbəsinin əməkdaşı X4 izahat verərək göstərmişdir ki, **********9935 sorğu nömrəli gömrük bəyannaməsi həmin şöbənin sabiq əməkdaşı Araz Məmmədov tərəfindən yoxlanılmış və nəzarət ona tapşırılmışdır. X7 gömrük orqanında xidmətdən azad edildiyinə görə həmin bəyannamə üzrə nəzarət ona tapşırılmışdır. Bəyannamə üzrə gömrük orqanı tərəfindən 1 il müddət təyin edilmiş, bu müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Müddət ərzində idxalatçı daxildə emal qaydalarını pozub, malları başqa prosedurda yerləşdirməmiş, müddətin uzadılmasına dair əsaslandırılmış müraciət təqdim etməmişdir. Buna görə də araşdırma aparılmasından ötrü raportla Təhqiqat şöbəsinə müraciət etmişdir. **********9935 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərkən idxalatçı tərəfindən təqdim edilən müqavilədə emal üçün tələb olunan müddət - 6 ay göstərilmişdir. Ancaq gömrük orqanı hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və həyata keçirilməli olduğu faktiki şəraiti, buna dair formalaşan təcrübəni nəzərə alıb müraciət ərizəsindəki müddəti nəzərə alaraq müqavilənin əlavəsindəki müddətdən artıq, yəni 1 (bir) il müddət təyin etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş **********9935 sorğu nömrəli xx.xx.2019-cu il tarixli Gömrük bəyannaməsindən görünür ki, Şəxs Rusiya Federasiyasında fəaliyyət göstərən “Qruppa İlim” şirkəti ilə arasında bağlanılmış 18105773 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında 10935 nömrəli xx.xx.2019-cu il tarixli invoys sənədinin müşayiəti ilə 52565496 nömrəli vaqonda dəmir yolu vasitəsilə göndərilən 43 yerdən ibarət 52908,0 kq çəkidə “kütləsi 120 q olan, rulonlarda, süllüloza əsaslı, təbaşirlənməmiş, səthi örtüksüz və hopdurulmamış, çap olunmamış “Belıy layner” adlı ağ rəgli karton” yükünü daxildə emal xüsusi gömrük prosedurunda bəyan etməklə rəsmiləşdirmişdir. Həmin bəyannamənin 22 və 12-ci qrafalarına əsasən malların ümumi invoys dəyəri 3033744,72 Rusiya Rublu, ümumi gömrük dəyəri isə 79848,99 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsinin 34/012/004314 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən **********9935 saylı GB əsasında daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilən malların emal müddətinin başa çatmasına baxmayaraq həmin mallar halhazıradək geriyə qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 18105773 nömrəli Rusiya Federasiyasında fəaliyyət göstərən “Qruppa İlim” şirkəti ilə Şəxs arasında bağlanılmış emal müqaviləsi və həmin müqavilənin xx.xx.2018-ci il tarixli 1 no-li əlavəsinə əsaəsn müqavilənin predmetini ******* ABŞ dolları (ƏDV-siz) təşkil edir (müq., bənd – 2.1), verilən məhsulların ümumi dəyəri, emal üçün göndərilmiş və hər növ verilən məhsullar üçün olan qiyməti Tərəflər tərəfindən hazırki müqaviləyə olan əlavə razılaşmalarda göstərir (müq., bənd – 4.2), müqavilə imzalandığı (istinad-xx.xx.2018) tarixdən qüvvəyə minir və xx.xx.2020-ci il tarixinə qədər qüvvədədir, tərəflər qarşılıqlı razılığa gəlirlərki, “Sifarişçinin” emal üçün göndərdiyi məhsulu “İstehsalçı”-nın emal müddəti 6 ay təşkil edir. (əlavə bənd – 5.4) İş materiallarında olan hüquqi şəxsin nümayəndəsi X3 verdiyi xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, sonuncu hadisə ilə bağlı ilkin izahat verərkən malları şirkət **********9935 sorğu nömrəli xx.xx.2019-cu il tarixli görmük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirdiyini, mallar ondan əvvəlki direktorun vaxtında daxildə emal proseduru altında yerləşdirildiyini, şirkəti təhvil alarkən bu barədə ona heç bir məlumat verilmədiyini, daxildə emal müddəti bitdikdən sonra hüquqpozma barədə ona məlumat verildiyini, malları qısa müddət ərzində sərbəst dövriyyə üçün buraxılış prosedurunda rəsmiləşdirmək niyyətində olduğunu, malların şirkətin istifadəsində olan Binəqədi rayonu 1286-cı məhəllə ünvanda yerləşən “Karton qutu istehsalı” zavodunda saxlanıldığını, gömrük qaydalarının pozulduğunu etiraf etdiyini göstərmişdir. Hüquqi şəxsin nümayəndəsi X5 xx.xx.2020-ci il tarixli 00100-0967/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 497-ci maddəsinə əsasən, Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 75.0-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında da formalaşdırılmışdır. Məhkəmə işə baxarkən inzibati xəta haqqında protokol və ona əlavə edilən digər sənədlər ilə kifayətlənməyərək bunların tədqiqi ilə yanaşı tərəflərin məhkəmə iclasında təqdim etdiyi sübutlar, onların izahatları, əlavə şahid izahatları və digər sənədlər ilə işin hallarının müqayisəli təhlil etməyi vacib hesab edir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin yazılı etirazı və təqdim etdiyi müqaviləni, müqavilənin ayrılmaz hissəsi olan əlavəni nəzərdən keçirib qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 198.1-ci maddəsinə əsasən gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Buna görə də tərəflər arasında hüquq münasibətləri yaradan hüquqi fakt-bağlanılmış müqavilənin qüvvədə olma müddətindən asılı olmayaraq həmin müqavilə əsasında daxildə emal məqsədi ilə müvəqqəti idxal edilən hər bir mal gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq 2 (iki) ildən artıq olmayan müddətdə bu prosedur altında qala bilər. Eyni zamanda, tərəflər arasında bağlanılmış hər hansı müqavilənin müddəti malların bu prosedur altında qalma müddətini şərtləndirə bilməz, belə müqavilə ancaq emalın müddətini müəyyən edə bilər. Daxildə emal proseduru altında malların qalma müddəti isə Gömrük Məcəlləsinin tələblərinə görə birbaşa gömrük orqanlarının səlahiyyətindədir və belə səlahiyyət üzrə malların həmin prosedur altında bəyan edildiyi andan idxalatçı gömrük orqanının bundan irəli gələn qanuni tələblərini yerinə yetirməyə borcludur. Şəxs ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “Qruppa İlim” şirkəti arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 18105773 nömrəli emal müqaviləsi xx.xx.2018-ci il tarixdən imzalanmış, müddətin bitmə tarixi xx.xx.2020-ci il tarixinə qədər müəyyən edilməklə, 2 (iki) ildən artıq müddəti ehtiva edir. Həmçinin qeyd olunan müqavilənin ayrılmaz hissəsi olan Əlavə No.: 1-in 5.4-cü bəndində qeyd olunmuşdur ki, tərəflər arasında emal müddəti 6 ay müddətində razılaşdırılmışdır. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin emal müddətinin buna dair bağlanılmış xx.xx.2018-ci il tarixli 18105773 nömrəli müqavilənin müddəti həddində müəyyən edilməli olduğuna dair gətirdiyi dəlillərin hüquqi əsasları olmadığı qənaətinə gəlir. Bundan başqa, hüquqi şəxsin nümayəndəsi **********9935 sorğu nömrəli xx.xx.2019cu il tarixli gömrük bəyannaməsi üzrə malların daxildə emal xüsusi gömrük proseduru altında qalma müddətinin son tarixinin 1 il müddətdə müəyyən edilməməli olduğu, bunun iş materialları ilə təsdiq edilmədiyinə dair xüsusatların qiymətləndirilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, Bakı Baş Gömrük İdarəsinin 1400- 012/0xx-xx/006274 nömrəli xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən **********9935 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi üzrə malların emal müddəti 1 il həddində müəyyən edilib. Buna dair həmin şirkətin müraciəti də qeyd olunan məktuba qoşma kimi məhkəməyə təqdim edilmişdir. Hüquqi şəxsin nümayəndəsi həmin sənədlər ilə tanış olduqda müraciət məktubunun şirkətin direktoru tərəfindən verildiyini, imza və möhür icra edildiyini təkzib etməmiş, mübahisələndirməmişdir, bu səbəbdən həmin sənədlərin mənsubiyyəti baxımından iş ilə müqayisəli təhlili və sübut kimi qiymətləndirilməsi mümkün hesab edilir. Bununla belə tərəf müraciətin bəyannaməyə aidiyyətini mübahisələndirərək müraciətdəki karton sayının bu bəyannaməyə aid hesab edilə biləcəyi ilə razılaşsa da, netto çəkisinin və dəyərinin uyğunsuz olduğunu mübahisələndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 nömrəli xx.xx.2014-cü il tarixli "Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 5.3cü bəndinə əsasən malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir: ərizəçi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda — vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); xarici malların və emal məhsullarının adları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri; mövcud olduqda istehsalat tullantılarının adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri; xarici malların ekvivalent mallarla əvəzlənməsi nəzərdə tutulduqda ekvivalent malların adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri; emal əməliyyatları barədə məlumat (texnologiya, müddət və s.); eyniləşdirmə tədbirləri barədə məlumat; xarici malların ekvivalent mallarla əvəz edilməsi barədə məlumat; daxildə emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması. Həmin qaydaların 5.4-cü yarımbəndində isə bu ərizəyə əlavə olunmalı olan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin sənədlərin arasında emala dair zəruri sənədlər sırasında mal müşayiət sənədi qismində invoys sənədi tələb olunmur. Malların gömrük ərazisindən keçirilməsi, bəyan edilməsi və gömrük nəzarətinin aparılması qaydaları Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə yanaşı gömrük sahəsində digər qanunvericilik aktları ilə tənzimlənir. Nazirlər Kabinetinin 263 nömrəli xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarının 2.5-ci bəndinə əsasən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə aşağıdakı sənədlər gömrük orqanına təqdim edilməlidir: 2.5.1. xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd; 2.5.2. malların və nəqliyyat vasitələrinin daşınması zamanı nəqliyyat növündən asılı olaraq nəqliyyat sənədləri. Nazirlər Kabinetinin 4 nömrəli xx.xx.2014-cü il tarixli "Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının, 5.6-cı bəndinə əsasən, malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir: 5.6.1. malların gömrük ərazisinə gətirilməsi Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən qadağan edildikdə və ya məhdudlaşdırıldıqda; 5.6.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda; 5.6.3. bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan şərtlərə riayət edilmədikdə. Göründüyü kimi malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin alınması və malların bu prosedur altında bəyan edilməsi qaydalarının ayrı-ayrı tənzimləmə mexanizmi olmaqla, müxtəlif qanunvericilik aktları ilə tənzimlənir. Nəticə etibarı ilə faktiki gələn mala dair zəruri məlumatları əks etdirən, göndərənin tərtib etdiyi şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd (burada-invoys sənədi) icazənin alınması üçün tələb olunan sənədlər arasında yoxdur. Yəni malların daxildə emal məqsədi ilə müvəqqəti idxalı üçün icazə hələ mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, buna dair müqavilə bağlandıqdan sonra gömrük orqanına müraciət əsasında alınır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi, “İnzibati icraat haqqında” və “Vətəndaşların müraciətlərinə baxılması” haqqında Azərbaycan Respublikası Qanunları, habelə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarının belə müraciət zamanı qanunda nəzərdə tutulandan artıq sənəd tələb etmək, yaxud müraciəti qəbul etməmək hüququ yoxdur, əksinə qanunverici bunu birbaşa gömrük orqanının vəzifələri kimi müəyyən etmişdir. Məhkəmə **********9935 sorğu nömrəli Gömrük bəyannaməsinə aidliyi mübahisələndirilən müraciətin həmin mallara aid olduğunu müəyyən edərkən diqqətə alır ki, belə müraciət mallara dair müşayiət sənədləri olmadan verilir, müşayiət sənədində göstərilən ölçü vahidi və dəyər isə müraciətdə qeyd olunandan az olmaqla, tamın hissəsi kimi qiymətləndirilir, müraciət zamanı gömrük orqanı gələn malın partiyalar üzrə çəkisinə dair mal müşayiət sənədi tələb edə bilməzdi, icazə üçün müraciətdəki məlumatlar verildiyi və gömrük orqanı tərəfindən baxıldığı vaxt yalnış olmamış, Qaydaların tələbləri pozulmamış, burada qeyd olunan mallar qadağan edilən və ya məhdudlaşdırılan mallara aid olmamışdır, yəni gömrük orqanın müraciət üzrə icazə verməkdən imtina etməyə qanuni əsasları olmamış, ona görə müraciət məqbul hesab edilərək malların daxildə emal məqsədi ilə müvəqqəti idxala icazə verilmişdir. Yalnışlığın sonradan Gömrük bəyannaməsi və mal müşayiət sənədləri ilə aradan qaldırılmasına dair görmük orqanının qeyd etdikləri həmçinin ona görə əsaslı hesab edilir ki, faktiki gələn mal icazədəki maldan artıq deyildir. Məhkəmə həmçinin, emal müddətinin həddini müəyyən edərkən Şəxs malların emalı üçün bağladığı xx.xx.2018-ci il tarixli 18105773 nömrəli müqavilənin 1 nömrəli Əlavəsində emalın 6 ay müddətində razılaşdırıldığını diqqətə alır və qeyd edir ki, emal müddətinin razılaşması gömrük orqanı üçün tədqiq olunan məlumatlardan olsa da, belə müddət barədə qərarı görmük orqanı özü qəbul edir. Bütün bunlar ilə yanaşı məhkəmə hüquqi şəxsin nümayəndəsi X3 təhqiqat zamanı xx.xx.2020-ci il tarixli izahatında və xx.xx.2020-ci il tarixli 00100-0967/20 nömrəli inzibati xəta haqqında protokolun məzmununda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 78-ci maddəsinə uyğun izahatında malın emal xüsusi gömrük prosedurunda qalma müddətinin son tarixi xx.xx.2020-ci il göstərdiyini mümkün qiymətləndirərək məhkəmədə bunu təkzib etməsinə tənqidi yanaşır. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin verdiyi yazılı etirazını təhlil edərək hüquqi şəxsin əvvəlki direktoru tərəfindən işə səhlənkarlıqla yanaşılaraq şirkətin Nemət Tahirova təhlil verildiyi zaman ona bu barədə məlumat verməməsini mümkün sayaraq qeyd edir ki, hüquqi şəxsin səlahiyyətli şəxslərinin hərəkətləri onun inzibati məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin, hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin, şahidin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, « Şəxs » MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, « Şəxs » MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: « Şəxs» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 30 faiz miqdarında, yəni 23955 (iyirmi üç min doqquz yüz əlli beş) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar