Məhkəmə qərarları › İş №3(002)-724/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-724/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-724/2020 19.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Səlahiyyətli orqan: Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X4 iştirakı ilə, Şəxs bundan sonra- (Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvan 1 hüquqi ünvanda Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-0969/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 29115532 nömrəli vaqonla daxil olmuş 50412 kq “Flyutinq” adlı büzmə üçün kağız yükü **********7170 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, daxildə emal müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq **********7170 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların daxildə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, daxildə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və va digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir Bildiririk ki, **********7170 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 64998,89 (altmış dörd min doqquz yüz doxsan səkkiz manat səksən doqquz qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 (bundan sonra-səlahiyyətli orqanın nümayəndəsi) izahatında göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq 2019-cu ildə ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına daxildə emal məqsədi ilə müvəqqəti olaraq karton materiallar gətirilmişdir. Həmin mallar müvafiq gömrük prosedurunda rəsmiləşdirilməzdən əvvəl təyinat gömrük orqanı-Bakı Baş Gömrük İdarəsinə buna dair icazə alınmasından ötrü müraciət edilmiş, həmin müraciətlər gömrük orqanı tərəfindən məqbul hesab edilmiş və gömrük qanunvericiliyinin tələblərinə əsasənda hasilat normasına uyğun olaraq 1 (bir) il icazə müddəti təyin edilmişdir. Belə mallardan bir hissəsi Rusiya Federasiyasından 29115532 nömrəli vaqonla gətirilmiş, Bakı Baş Gömrük Gömrük İdarəsində **********7170 sorğu nömrəli xx.xx.2019-cu il tarixdə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, icazə müddətinə uyğun son tarix xx xxxxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Həmin müddət ərzində, mövcud gömrük qanunvericiliyinə görə idxalatçı hüquqi şəxs qanunun buna dair tələblərinə riayət edərək üzərinə qoyulan öhdəlikləri riayət etməli olduğu halda, bu müddət ərzində malları digər müvafiq prosedurda yerləşdirməmiş, yaxud müddətin uzadılmasından ötrü müraciət etməmişdir. Buna görə malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə yerinə yetirməmiş hesab edilir. Daxildə emal prosedurunu tənzimləyən gömrük qaydalarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin mühafizəsi altında olduğundan, həmin hüquqi şəxs barəsində qeyd olunan maddə ilə inzibati xəta haqqında icraat aparılmışdır. Mövcud sübutlar inzibati xətanın törədildiyini, hüquqi şəxsin baş verən hadisəyə aidiyyəti və təqsirliliyini müəyyən etməyə imkan verdiyindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırda iş materiallarında olan biri-digərini tamamlayan sübutlar, onların məhkəmə tədqiqi ilə protokolda göstərilən hallar sübuta yetirildiyinə görə məhkəmədən hüquqi şəxsin təqsirli bilinməsi və ona maddənin sanksiyası həddində tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi olmaqla səlahiyyətli nümayəndəsi (bundan sonra-hüquqi şəxsin nümayəndəsi) X7 məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, gömrük orqanının Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi barədə mövqeyi ilə razılaşmır. Belə ki, Şəxs MMC (istehsalçı) Rusiya Federasiyasının “Qruppa İlim” şirkəti (Sifarişçi) arasında xx.xx.2018-ci il tarixli 18105773 saylı emal müqaviləsi, xx.xx.2018-ci il tarixində emal müqaviləsinə əlavə No.:1 imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırki müqavilənin şərtləri əsasında “Sifarişçi” tapşırıq verir, “İstehsalçı” isə verilmiş məhsulların emal işini görərək hazır məhsulun almasının yerinə yetirilməsini öhdəsinə götürür. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdə qüvvəyə minir və xx.xx.2020-ci il tarixinə qədər qüvvədədir. Göründüyü kimi gömrük orqanının hazırda protokol tərtib etdiyi məsələ ilə bağlı hüquq münasibətləri Şəxs MMC ilə Rusiya Federasiyasının “Qruppa İlim” şirkəti arasında xx.xx.2018-ci il tarixli 18105773 saylı Emal müqaviləsi və ona əlavə No: 1 əsasında yaranmışdır. Həmin müqavilənin qüvvədə olma müddəti isə cari ilin dekabr ayında bitəcəkdir. Halbuki son dərəcədə üzrlü və obyektiv səbəblər nəzərə alındığı təqdirdə şirkət tərəfindən hər hansı bir inzibati xəta sayıla biləcək əmələ yol verilməmişdir. Hüquqi şəxsin nümayəndəsi yazılı etirazı ilə yanaşı məhkəmədə izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən **********7170 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi üzrə daxildə emal müddəti emal müqaviləsinin sonuna qədər təyin edilməli idi. Göstərilənlərə əsasən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 00100-0969/20 nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********7170 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların daxildə emal müddətinin son tarixi xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsinin 34/012/004314 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən **********7170 saylı GB əsasında daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilən malların emal müddətinin başa çatmasına baxmayaraq həmin mallar hal-hazıradək geriyə qaytarılmamışdır. X6 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 1500000.00 AZN olan Şəxs MMC xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış və cəmiyyətin qanuni təmsilçisi X5r. Hüquqi şəxsin nümayəndəsi X7 xx.xx.2020-ci il tarixli 00100-0969/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 497-ci maddəsinə əsasən, Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 75.0-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Məhkəmə hüquqi şəxsin nümayəndəsinin yazılı etirazı və təqdim etdiyi müqaviləni, müqavilənin ayrılmaz hissəsi olan əlavəni nəzərdən keçirib qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 198.1-ci maddəsinə əsasən gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Buna görə də tərəflər arasında hüquq münasibətləri yaradan hüquqi fakt-bağlanılmış müqavilənin qüvvədə olma müddətindən asılı olmayaraq həmin müqavilə əsasında daxildə emal məqsədi ilə müvəqqəti idxal edilən hər bir mal gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq 2 (iki) ildən artıq olmayan müddətdə bu prosedur altında qala bilər. Eyni zamanda, tərəflər arasında bağlanılmış hər hansı müqavilənin müddəti malların bu prosedur altında qalma müddətini şərtləndirə bilməz, belə müqavilə ancaq emalın müddətini müəyyən edə bilər. Daxildə emal proseduru altında malların qalma müddəti isə Gömrük Məcəlləsinin tələblərinə görə birbaşa gömrük orqanlarının səlahiyyətindədir və belə səlahiyyət üzrə malların həmin prosedur altında bəyan edildiyi andan idxalatçı gömrük orqanının bundan irəli gələn qanuni tələblərini yerinə yetirməyə borcludur. Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “Qruppa İlim” şirkəti arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 18105773 nömrəli emal müqaviləsi xx.xx.2018ci il tarixdən imzalanmış, müddətin bitmə tarixi xx.xx.2020-ci il tarixinə qədər müəyyən edilməklə, 2 (iki) ildən artıq müddəti ehtiva edir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin emal müddətinin buna dair bağlanılmış xx.xx.2018-ci il tarixli 18105773 nömrəli müqavilənin müddəti həddində müəyyən edilməli olduğuna dair gətirdiyi dəlillərin hüquqi əsasları olmadığı qənaətinə gəlir. Bundan başqa, hüquqi şəxsin nümayəndəsi **********7170 sorğu nömrəli xx.xx.2019cu il tarixli gömrük bəyannaməsi üzrə malların daxildə emal xüsusi gömrük proseduru altında qalma müddətinin son tarixinin 1 il müddətdə müəyyən edilməməli olduğu, bunun iş materialları ilə təsdiq edilmədiyinə dair xüsusatların qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, **********7170 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki,Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 29115532 nömrəli vaqonla daxil olmuş 50412 kq “Flyutinq” adlı büzmə üçün kağız yükü **********7170 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 1 (bir) il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, « Şəxs » MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, « Şəxs » MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 30 faiz miqdarında, yəni 19500 (on doqqua min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar