Məhkəmə qərarları › İş №3(002)-725/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-725/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-725/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(047)-467/2022 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu vətən müharibəsi veteranı olduğu üçün dövlət tərəfindən alacağı müavinətdən yaranmış borcun bir hissəsini ödəyəcəyini izahatında bildirmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq icra məmuru bildirdi ki, elektron icra sistemində borclunun “X4” MMC-də işlədiyi göstərilsə də, VÖEN nömrəsi ilə axtarışa verilən zaman hazırda həmin hüquqi şəxsin fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Borclunun işlədiyi dövrdə borcun ödənişi əmək haqqına yönəldilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Qarabağ müharibəsi veteranıdır və müharibədə minaya düşərək xəsarət almışdır. Aldığı xəsarət sonra onda şəxsiyyət pozğunluğu xəstəliyi müəyyən edilmişdir. Bu səbəbdən heç bir müəssisə tərəfindən işə qəbul olunmur. Xəstəliyi ilə bağlı ona əlillik dərəcəsi təyin olunması üçün müraciət etmişdir. Əlilliyi ilə bağlı ona təyin olunacaq müavinətə icra məmuru tərəfindən borcla bağlı tutulmanın yönəldiməsinə heç bir etirazı yoxdur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(047)-467/2022 nömrəli icra sənədinə əsasən Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(047)-467/2022 nömrəli icra sənədinə əsasən Şəxs 8300 manat borc pul və 120 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X3 verilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(047)-467/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Laçın Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(047)-467/2022 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan izahatlardan aydın olur ki, ümumilikdə Şəxs təqaüd və əmək haqqından 403,68 manat tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən qərəzli törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında borclu tərəfindən tələbkarın xeyrinə, ümumilikdə 403,68 manat ödəniş edildiyi müəyyən edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abbasov X2 müharibəsi veteranı olduğu müəyyən edilmiş və müharibədə aldığı xəsarətlər səhhətində sağalmaz izlər buraxmışdır. Səhhətində yaşadığı problemlər səbəbindən də hazırda hər hansı işlə təmin olunması qeyri-mümkündür. Eyni zamanda, özünün də qeyd etdiyi kimi ona əlillik dərəcəsi təyin olunarkən icra məmuru tərəfindən onun müavinətinə tutulmanın yönəldilməsi həyata keçirilə bilər. Bu səbəbdən məhkəmə, borclunun hərəkətlərini borcunun ödənilməsindən qərəzli olaraq yayınması kimi deyil, əksinə sağlamlığı ilə bağlı problemlərin mane oldması kimi qiymətləndirir. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarına gəlməməsi və gizlənməsi səbəbindən onun barəsində axtarış elan edilməsi hallarını da müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Qarabağ müharibəsi iştirakçısı olması nəzərə alınaraq ona İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi onun vəziyyətini ağırlaşdıracağından məqsədə müvafiq deyildir. Belə ki, cərimə tənbeh növü onun üzərində olan borcunun ödənilməsinin daha da çətinləşməsinə, inzibati həbs tənbeh tədbiri isə sağlamlıq vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar