Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-726/2024 15.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 13 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prtokoldan və iş materiallarından aydın olur ki, 13 mart 2024-cü il tarixdə, saat 14:00-da Şəxs MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi ünvanında yerləşən təsərrüfat subyekti üzrə lisenziya olmadan sürətli poçt xidməti həyata keçirərək 100 manat gəlir əldə etdiyi aşkar olunmuşdur. Buna görə də Şəxs MMC barəsində İXM-nin 398-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 29 mart 2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən müvafiq olaraq Bakı şəhəri, ərazisində həyata keçirilən operativ vergi nəzarəti zamanı AZ 1000, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi ünvanında Şəxs MMC-nin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə belə razılıq (lisenziya) olmadan sürətli poçt xidməti fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Odur ki, şirkət barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Şəxs MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq sözügedən təşkilatlardan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Lakin şirkət tərəfindən inzibati xəta ilk dəfə törədildiyindən və inzibati xəta nəticəsində vurulmuş ziyan tamamilə ödədiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş və Şəxs MMC-nin direktoru X1 tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış arayışın məzmunundan aydın olur ki, Şəxs MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzində yerləşən obyekti 17 fevral 2024-cü il tarixdə icarə müqaviləsi əsasında icarəyə götürmüşlər. Qeyd olunan obyektin yerleşdiyi ünvan bir çox kargo şirkətlərinin cəmləşdiyi ərazi olduğundan, bazar rəqabəti və MMC-nin reklamı məqsədi ilə açılmış obyektdir. Obyektin fəaliyyətə başlaması bir ay olmadığından və rəqabətin çox olması səbəbi ilə ümumilikdə bu dövr ərzində 100 manat məbləğində gəlir əldə etmişlər. Qeyd olunan ərazidə yerləşən obyektə lisenziya alınmamasına səbəb həmin obyektin sənədlərinin tam olmamasıdır.” Şəxs MMC-nin elektron məhkəmə sisteminə yerləşdirilmiş "xxxx" MMC tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli qəbzin surətindən aydın olur ki, Şəxs MMC tərəfindən Dövlət Vergi Xidməti hesabına 100 manat ödəniş edilmişdir. Beləliklə Şəxs MMC tərəfindən müvafiq cərimə hazırkı işlə bağlı məhkəmə tərəfindən qərar qəbul edilənədək ödənildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinin tələbindən aydın olur ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN **********) 13 mart 2024-cü il tarixli, MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-726/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-726/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver