Məhkəmə qərarları › İş №3(002)-728/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-728/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-728/2024 14.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Qaradağ RPİ-dən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 12 mart 2024-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Abşeron” TM-in qarşısında «Opel Astra» minik markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi halda geriyə hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi «Lexus 470» minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 12 mart 2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon DYPŞ-nın axtarış üzrə inspektoru, polis kapitanı X2 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Himayəsində üç azyaşlı uşağı və İ qrup əlil atası var. 12 mart 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı Qobu qəsəbəsindən iki nəfər sərnişini Lökbatan qəsəbəsinə gətirmiş, oradan isə “Sədərək” ticarət mərkəzinə sərnişin aparmışdır. “Abşeon” TM-in qarşısında idarə etdiyi avtomobil ilə geriyə hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi «Lexus 470» minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. O avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış, vurulmuş ziyanla bağlı danışmaq istəmişdir. Zərərçəkmiş şəxs ona heç nə deməmiş, o da sonuncunun ona qarşı hər hansı bir şikayətinin olmadığını düşünərək hadisə yerinə sığorta şirkətini və polisi çağırmadan çıxıb getmişdir. O səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu, himayəsinə üç azyaşlı və bir xəstə atasının olduğunu, maddi cəhətdən imkansız olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında göstərmişdir ki, 12 mart 2024-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Abşeron” TM-in qarşısında olarkən «Opel Astra» minik markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil onun qarşısında irəliyə doğru hərəkət etmiş, daha sonra isə geriyə doğru gələrək onun idraə etdiyi «Lexus 470» minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ küncünü vurmuşdur. Hadisədən sonra sürücü avtomobildən düşərək ona yaxınlaşmış və “hər kəs öz avtomobilini özü təmir etdirsin” deyərək çıxıb getmişdir. O «Opel Astra» minik markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca sürərək onu saxlamağa çalışsa da buna nail ola bilməmiş nəticədə DİN 102 xidmətinə zəng vurmuşdur. Hal-hazırda Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını, Şəxs barəsində tərtib edilmiş 12 mart 2024-cü il tarixli, İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini, himayəsində iki azyaşlı uşağının və İ qrup əlil atasının olmasını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar