Məhkəmə qərarları › İş №3(002)-73/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-73/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-73/2023 19.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1964-cü ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Tinli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Asfaltzavod fərdi yaşayış evində yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 19 yanvar 2023-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 19 dekabr 2022-ci il tarixdə yaşadığı evdə əri X4 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 protokolu müdafiə edərək bildirmişdir ki, o, həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 13 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Odur ki, bu barədə tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X5 öz izahatında bildirmişdir ki, Şəxs onun arvadıdır və birlikdə yaşayırlar. 19 dekabr 2022-ci il tarixdə sonuncu yaşadığı evdə onu vurmuşdur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin təbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, əri X5 içki düşkünü olmaqla tüfeyli həyat tərzi keçirir. Mütəmadi olaraq heç bir əsaslı səbəb olmadan evdə narazılıq və dava-dalaş yaradır. Ərinin 65 yaşı olmaqla fiziki və psixoloji cəhətdən tam sağlam deyil, əksər vaxtlarda içkili olmaqla özünü idarə edə bilmir və nəticədə mütəmadi olaraq yıxılmaqla bədən xəsarətləri alır. Bununla bağlı ona irad bildirdikdə isə şərləyib onları tutduracağını bildirir. O, ərini heç vaxt, o cümlədən 19 dekabr 2022-ci il tarixdə yaşadığı evdə vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 28 dekabr 2022-ci il tarixli, 954 nömrəli “canlı şəxsin ekpertizası” ekpert rəyindən aydın olur ki, vətəndaş X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ gözaltı nahiyənin və sol qalça sümük proyeksiyasının qançırları bərk küt əşya (alət) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən 19 dekabr 2022-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş S.İ.Əliyevin almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən törədilməsi az inandırıcıdır. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs inzibati xətanı törətməsinə dair heç bir mötəbər sübut aşkarlanmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 13 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda da Şəxs yuxarıda qeyd olunan inzibati xəta hadisəsini törətməsini təsdiq edə biləcək sübut və əsaslar göstərilməmiş, bununla bağlı hər hansı bir araşdırma aparılmamış, hadisəni təsdiq edə biləcək şəxslərin dairəsi müəyyən edilərək dindirilməmiş, Şəxs ümimiyyətlə təhqiqata çağırılıb dindirilməmiş, həmçinin ziddiyyət yaranacağı təqdirdə tərəflər arasında üzləşdirmə həyata keçirilməmişdir. Yeganə olaraq ekspert rəyinə istinad edilməklə formal şəkildə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsində qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbindən aydın olur ki, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar