Məhkəmə qərarları › İş №3(002)-746/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-746/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-746/2022 22.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X3, borclu Şəxs barəsində 22 iyun 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-572/2020 saylı, 07 fevral 2020-ci il tarixli tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X3 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-572/2020 saylı, 07 fevral 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X1 cavabdeh Şəxs qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri 23 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 26 dekabr 2016-cı il tarixli, 3M- 156 reyestr nömrəli kredit müqaviləsi üzrə 4.410 manat əsas borc və müqavilə müddəti bitdikdən sona illik 5%-lə hesablanmış 532 manat 87 qəpik olmaqla, cəmi 4.942 manat 87 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu indiyədək borcundan heç bir ödəniş etməmiş və ümimilikdə 4972 manat 87 qəpik borcu qalmaqdadır. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, icra sənədindən xəbəri vardır. Özü bu yaxınlarda ağır qəza keçirmiş və uzun müddət xəsətaxanda yatmışdır. Bundan başqa ağır dərəcələi şəkər xəstəliyindən əziyyət çəkir. Həyat yoldaşı ankoloji xəstə olmaqla xəstəxanada yatır. Bir övladının isə evdə xüsusi qayğıya ehtiyacı vardır. Bundan başqa indiyədək taksi fəaliyyəti ilə məşğul olsa da idarə etdiyi avtomobilin üzərinə həbs qoyulduğundan və yuxarıda sadalanan səbəblərdən işləyə bilməmiş, nəticədə qeyd olunan icra sənədinin icrasını həyata keçirməmişdir. O şərait yaradılacağı təqdirdə bu ayın sonuna qədər qeyd olunan borcdan 100 manat ödəniş edəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa icra məmuru tərəfindən borclunun işlə təmin olunması ilə bağlı məşğulluq mərkəzinə də müraciət edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar