Məhkəmə qərarları › İş №3(002)-749/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-749/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-749/2021 24.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 24 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1953/2020 saylı, 27 iyul 2020-ci il tarixli icra sənədinə əsasən 07 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməsi qət edilmiş, alimentin tutulma müddəti 14 fevral 2020-ci il tarixdən hesablanmışdır. İcra sənədi 02.02.2021-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun yaşadığı ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını icra etmədiyinə görə borclunun adına daşınar və ya daşınmaz əmlakların, qiymətli kağızların, bank hesablarının olub-olmaması, bundan əlavə əmək haqqı, pensiya təqaüd alıb-almaması barədə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə elektron sorğu kartoçkasından çıxarışlar edilmiş, lakin hər hansı müsbət məlumat əldə edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından 19.03.2021-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq aidiyyəti orqana göndərilmişdir. Borclu axtarış qərarına əsasən 24 may 2021-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinə təhvil verilmiş və həmin tarixdə onun izahatı alınmış və o izahatında icra sənədini icra etmək niyyətində olmadığını göstərmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı 24.05.2021-ci il tarixli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib izahatında bildirmişdir ki, borclu Şəxs barəsində inzibati protokol tərtib edilməmişdən öncə izahatı alınmış, borcluya aliment tələbinin dərhal icra edilməsinin zəruriliyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etmək niyyətində olmadığını bildirmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Buna görə də barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1953/2020 saylı, 27 iyul 2020-ci il tarixli icra sənədinə əsasən 07 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçı X2 ödənilməsi qət edilmiş, alimentin tutulma müddəti 14 fevral 2020-ci il tarixdən hesablanmışdır; İcraata başlama haqqında 02 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1953/2020 saylı, 27 iyul 2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Borclunun axtarışı haqqında 19 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi, polis mayoru Süleyman Cəlilovun Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin rəisi Kamal Əliyevə ünvanlandığı 24 may 2021-ci il tarixli, ***-**** nömrəli məktubun surətindən görünür ki, barəsində 07.04.2021-ci il tarixli, 31063 nömrəli axtarış işi açılmış Şəxs aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1953/2020 saylı, 27 iyul 2020-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1953/2020 saylı, 27 iyul 2020 ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən bu günədək ümumiyyətlə heç bir ödənişin edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin Həbsetmənin əvvəli 24 may 2021-ci il, saat 17:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar