Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-764/2023 01.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi H.A.Qasımov bildirmişdir ki, 01 fevral 2023-cü il tarixli qərarla "xxxx" MMC-nin Direktorlar Şurası yenidən formalaşdırılmışdır. Təsisçilərdən biri qeyrirezident olduğundan ümumi yığıncağın qərarı imzalanması üçün həmin qeyri-rezidentə elektron formada göndərilmiş və qərarın əslinin çatdırılması müəyyən zaman almışdır. Həmçinin, qərarın yerli təsisçilər tərəfindən imzalanması müəyyən müddət aldığından “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə əsasən 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat vermək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 13 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 01 fevral 2023-cü il tarixli qərarla "xxxx" MMC-nin Direktorlar Şurasının 7 (yeddi) Direktordan ibarət olmaqla yeni qaydada və tərkibdə yenidən formalaşdırılması təsdiq edilmiş, lakin bu barədə məlumat 40 iş günü ərzində deyil, 13 aprel 2023-cü il tarixdə təqdim edilmişdir. İşə əlavə edilmiş kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizədən və həmin ərizənin davamından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisinin Hacı Qasımov olduğu qeyd olunmuşdur və bu dəyişiklik barədə ərizənin doldurulması qrafasında xx.xx.2023-cü il tarix qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 01 fevral 2023-cü il tarixli qərarla "xxxx" MMC-nin Direktorlar Şurasının 7 (yeddi) Direktordan ibarət olmaqla yeni qaydada və tərkibdə yenidən formalaşmış, lakin bu barədə məlumat 40 iş günü ərzində, yəni 01 fevral 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək verilməli olduğu halda, 13 aprel 2023-cü il tarixdə təqdim edilmişdir. Bununla da "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə - vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, "xxxx" MMC-nin Şurasının 7 (yeddi) Direktordan ibarət olmaqla yeni qaydada və tərkibdə yenidən formalaşması barədə məlumatın 13 aprel 2023-cü il tarixdə təqdim edilməsi və bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 405-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2.500 (iki min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-764/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-764/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver