Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-765/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 noyabr 2022-ci il tarixli protokola əsasən "xxxx" MMC tərəfindən 03-10 noyabr 2022-ci il tarixdə MMC-yə məxsus qarajin yaxınlığında Qaradağ rayonu, Qobustan qəsəbəsində qarışıq süxurun qanunla müəyyən olunmamış ərazidən qeyri qanuni olaraq MMC-nin yük avtomobilləri vasitəsilə götürülərək daşındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan məlumata görə Qaradağ rayon, Qobustan qəsəbəsi, dəniz istiqamətində "xxxx" MMC tərəfindən qarışıq süxurun qanunla müəyyən olunmamış ərazidən qeyri-qanuni olaraq MMC-yə məxsus yük avtomobilləri vasitəsi ilə götürülərək qum daşındığı müəyyən olumuşdur. Bundan sonra İXM-nin 228-ci maddəsinə əsasən, 10 noyabr 2023-cü il tarixdə hüquqi şəxs "xxxx" MMC barəsində protokol tərtib edilmiş və şirkət barəsində qanunamüvafiq tədbir görülməsii xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, onların şirkəti əvvəllər də Qaradağ Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon Bələdiyyəsinin müraciəti əsasında şəhid ailələri, o cümlədən “Vətən müharibəsi” iştirakçısı olmuş şəxslərin ailələri üçün bir sıra işlərin görülməsi məqsədilə yük maşınlarını təqdim etmişlər. Məhkəməyə təqdim olunmuş hazırkı inzibati xəta haqqında protokolda qeyd olunan ərazidə Qaradağ Rayon Bələdiyyəsinin müraciəti əsasında İ Qarabağ Müharibəsi şəhidin qardaşı üçün işlər görülmüşdür. Qeyd etdiyi hallardan Ərazi İcra Nümayəndəliyinin də məlumatllı olduğunu qeyd etmişdir. Şəhid ailələri tərəfindən köməklik göstərilməsi məqsədilə bilavasitə onların şirkətinə müraciət daxil olduqda onlar bu barədə Bələdiyyə sədrinə, Ərazi icra nümayəndəliyinə, polis bölməsinə məlumat verirlər. Qeyd olunanlara əsasən şirkət barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid, İ Qarabağ Müharibəsi şəhidinin qardaşı X5 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan ərazidə görülümüş işlər onun bələdiyyə və "xxxx" MMC-yə müraciət etməsi əsasında olmuşdur. Həmin şirkət tərəfindən ona məxsus əraziyə 3-4 yük maşını göndərilmiş və ona təmənnasız köməklik göstərilmişdir. Məhkəmə iclasında şahid, 156 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi X2 izahatında bildirmişdir ki, irihəcmli texniki vasitələrinin köməkliyinə ehtiyac olan işlərlə bağlı Qaradağ rayonunda fəaliyyət göstərən "xxxx" MMC-yə dəfələrlə onlar tərəfindən müraciət olunmuşdur. Hazırki işlərin görülməsi ilə bağlı isə Qaradağ rayon bələdiyyəsi tərəfindən həmin şirkətə müraciət olunması barədə məlumatlıdır. İ Qarabağ Müharibəsi şəhidinin ailəsinə köməklik göstərilməsi məqsədilə həmin şirkətdən yük maşınları cəlb olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, inzibati xəta hadisəsi olmadığından "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli, 76647 nömrəli aktdan görünür ki, 3-10 noyabr 2022-ci il tarixdə Qobustan qəsəbəsində yoxlama aparılmışdır. Nazirliyin elektron poçt ünvanına X3 tərəfindən xx.xx.2022-ci il tarixində daxil olmuş şikayəti ilə bağlı İdarənin xx.xx.2022-ci il tarixli BD seriyalı 166 nömrəli sərəncamına əsasən şikayətçinin və "xxxx" MMC-nin nümayəndəsi Ariz adlı şəxsin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı şikayətçi yazılı izahat verərək adı qeyd olunan xüsusi təyinatlı yol istismarı idarəsinin yük avtomobilləri vasitəsi ilə (dövlət qeydiyyat nömrə nişanı **-JT-***, **-JM-*** olan Tatra markalı) 2 gün müddətində boş ərazidən müxtəlif relyef hissələrindən qarışıq süxurun qazılaraq götürüldüyünü və çökək ərazilərə doldurularaq satıldığını bildirmişdir. Şikayətlə bağlı araşdırma aparılan zaman həqiqətəndə Qobustan qəsəbəsində "xxxx" MMC-nin yaxınlığındakı ərazidən qarışıq süxurun daşınması faktı aşkar edilmişdir. Faktla bağlı həmin MMC-nin nümayəndəsi olduğunu bildirən Ariz adlı şəxs həqiqətən qəsəbə sakini Ələsgər Abbasovun şifahi müraciəti əsasında şəhid ailəsi olduğu üçün MMC-yə məxsus həmin yük avtomobilləri vasitəsi ilə torpaq çıxarılaraq götürülmüş və yol kənarındakı boş sahəyə boşaldılmışdır. Lakin bununla bağlı ekoloji ekspertizanın rəyinin alınması məqsədilə rəsmi müraciət edilməmişdir. Araşdırma zamanı əraziyə baxış keçirilmiş və təxminən 400 m3 qarışıq süxurun qazılaraq götürüldüyü müəyyən olunmuş və şikayətçi tərəfindən təqdim edilən foto və videogörüntülərə əsasən yuxarıda qeyd olunan yük avtomobilləri vasitəsilə daşındığı, müşahidə edilmişdir. Araşdırma ilə əlaqədar olaraq həmin MMC tərəfindən məsələyə hər hansı rəsmi münasibət bildirilməmişdir. Özünü MMC-nin nümayəndəsi kimi təqdim etmiş şəxsə aşkar olunmuş faktla bağlı yerin təki haqqında qanunun tələblərinin pozulduğu görə MMC-yə protokol və akt tərtib ediləcəyi bildirilmiş lakin imza etməkdən imtina etmişlər. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC icazə olmadan və ya icazə şərtlərini pozmaqla deyil, əksinə Qaradağ rayonunun aidiyyəti və səlahiyyətli qurumlarının müraciəti əsasında Cəmiyyətə məxsus olan yük maşınlarını təqdim etmiş və Qaradağ rayonu, Qobustan qəsəbəsindən qarışıq süxur götürülərək şəhid ailəsinə köməklik məqsədilə onlara məxsus əraziyə daşınmışdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında izahatlarını təqdim etmiş şahidlərin ifadələri ilə yuxarıda qeyd olunan hal öz təsdiqini tapdığından və bütün ehtimallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-765/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-765/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver