Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-766/2021 01.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis leytenantı X4, Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X6, Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X2, ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri, polis serjantı X3, ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri, polis kiçik serjantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 31 may 2021-ci il tarixdə saat 23:00 radələrində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində 01 iyun 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis leytenantı X9 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 31 may 2021-ci il tarixdə saat 23:00 radələrində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X11 öz izahatında bildirmişdir ki, 31 may 2021-ci il tarixdə təxminən saat 23:15 radələrində iş yoldaşı X7 ilə birlikdə evdə istirahət edərkən qonşuluqda yaşayan X13 qapını döyərək onlardan kömək istəmişdir. Bundan sonra onlar ərazidə xidmət aparan ÇPA-na məlumat verərək hadisə yerinə gəlmişlər. Hadisə yerində sonradan adını bildikləri Şəxs sərxoş vəziyyətdə polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlədərək onları təhqir etmiş və əl qol ataraq polis əməkdaşlarını vurmağa çalışdı. Buna görə də həmin şəxs 10-cu PB-nə gətirildi. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X7, ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri, polis serjantı X8 və ƏÇPA-nın 10-cu PBnin polis nəfəri, polis kiçik serjantı X10 öz izahatlarında polis nəfəri X6 göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs öz izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyil. Belə ki, o, 31 may 2021-ci il tarixdə saat 22:00 radələrində qardaşı ona zəng vuraraq demişdir ki, qızının həyat yoldaşı həyətdə səs-küy salır. Qardaşıgilə gedəndə görmüşdür ki, qardaşının yeznəsi qonşu ilə dalaşır. Daha sonra mülki formada olan, polis işçiləri olduğu sonradan ona məlum olan iki nəfər şəxs hadisə yerinə gəlmişlər. Orada polis əməkdaşları ilə aralarında anlaşılmazlıq yaranaraq mübahisə etmişlər. Bundan sonra polis əməkdaşları onu 10-cu PB-nə apararaq orada onu döyərək xəsarət yetirmişlər. Bununla əlaqədar tibbi müayinədən keçmək üçün təliqə də verilmişdir. Hazırda polis əməkdaşlarından şikayətçi olmaqla onlar barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, tərələrin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Qaradağ RPİ-nin 10-cu PB-də həqiqətən döyülərək xəsarət alması faktının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə inzibati material Qaradağ rayon prokuroruna göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı X1 31 may 2021-ci il tarixli “məhkəmə tibb ekspertizasının təyin edilməsi haqqında” qərarın surətindən də aydın olur ki, 31 may 2021-ci il tarixdə Şəxs izahatı alınarkən döyülərək xəsarət aldığını bildirmişdir. Odur ki, Şəxs hər-hansı bir xəsarətlərin olub-olmaması, həmin xəsarətlərin əmələ gəlmə mexanizmi, müddəti, ağırlıq dərəcəsi və s. halların müəyyən edilməsi məqsədi ilə tibbi ekspertiza təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması onun döyülməsi barədə araşdırmanın nəticəsindən asılı olaraq mümkündür. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati material yenidən araşdırılması üçün Qaradağ rayon prokuroruna göndərilsin. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-766/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-766/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver