Məhkəmə qərarları › İş №3(002)-769/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-769/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-769/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 may 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan vətəndaş X1 verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Masallı Rayon məhkəməsinə müraciət edərək barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 may 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunun ləğv edilməsini xahiş etmişdir. Masallı rayon Məhkəməsinin 3 (050)-455/2021 nömrəli, 24 may 2021-ci il tarixli Qərardadına əsasən X1 Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 may 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv olunmasına dair şikayətinin və ona əlavə edilmiş sənədlərinin baxılması üçün adiyyəti üzrə bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və həmin material 01 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəçi şikayət ərizəsində inzibati xəta haqqında iş üzrə qərarın deyil, inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin, indiki halda şikayətdə inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalı, həmçinin həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 may 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar