Məhkəmə qərarları › İş №3(002)-769/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-769/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-769/2022 21.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 3(006)-2080/2022 nömrəli qərardadı ilə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət aidiyyatı üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 3(002)- 769/2022 nömrəli qərarına əsasən X1 İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati iş yenidən araşdırılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 3(002)-769/2022 nömrəli qərarının ləğv olunmasına dair apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 3(103)-2509/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin X1 barəsində olan 03 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 tərəfindən Qaradağ rayonu, 29-cu kilometrdə, Xəzərin sahilində “İJ-27” markalı, ********* nömrəli silahla qanunla müəyyən olunmamış yerdə ov qaydalarını pozduğuna görə barəsində 21 yanvar 2022-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmiş X3 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə Elxan adlı dostu ilə birlikdə Qaradağ rayonu ərazisində “Göy Zavod” adlanan əraziyə getmək qərarına gəlmişlər. Həmin yerə çatanda dostunun idarə etdiyi avtomobil batmışdır. Bu zaman qeyd olunan əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlmiş və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları ilə birgə reyd keçirdiklərini bildirmişlər. Onların olduğu maşına baxış keçirmiş və avtomobilin yük yerində olan, onlara məxsus ov silahlarını görmüşlər. Həmin silahların qanuni olubolmamasını müəyyən etmək üçün silahlarını vermələrini tələb etmiş, onlar da şəxsiyyət vəsiqələrini və ov silahlarının sənədlərini təqdim etmişlər. Bundan sonra onlara bildirmişlər ki, tüfəngləri yoxlayıb onlardan atəş açılıb-açılmadığını müəyyən etməlidirlər. Bundan başqa avtomobildə qeyri qanuni heç nə aşkar olunmamışdır. Onlara “axşam gəlib silahlarınızı götürərsiniz” demişlər. Dedikləri vaxt idarəyə zəng etdikdə isə “Rəvan” adlı əməkdaş onlara, sabah, yəni 22 yanvar 2022-ci ildə idarəyə yaxınlaşmalarını bildirmişdir. Növbəti gün idarədə olarkən tüfəngləri onlara təhvil verib, onlara bir sənədə imza etdirib yola salmışlar. Bundan sonra 04 fevral 2022-ci il tarixdə onalara məktub çatmış və məktubda qeyd olunmuşdur ki, 03 fevral 2022-ci il tarixdə keçirilən komissiyada iştirak etməlidirlər. Belə olduqda onlar idarə ilə əlaqə saxlamış, həmin idarədən onları arxayın edərək bildirmişlər ki, “sizi yenidən çağıracağıq”, lakin bundan sonra nə onlara məktub gəlmiş, nə də zəng edilmişdir. Qeyd olunan vaxtdan üç ay dörd gün keçdikdən sonra hər ikisinin ünvanına məktub daxil olmuş və İXM-nin 272.3-cü maddəsinə əsasən hər birinin ayrı ayırlıqda 1000 manat məbləğində cərimə edildiyini öyrənmişlər. O öz izahatında daha sonra qeyd etmişdir ki, həmin vaxt ov etmək səlahiyyətinin olmadığını bilir, lakin o nə şəxsi ov silahından istifadə etməmiş və nə də atəş açmamışdır. Odur ki, məhkəmədən yuxarıda qeyd edilənləri nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 11 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 4 noyabr 2022-ci il tarixli, 3(002)-769/2022 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ünvanı ünvan 2əsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (4 noyabr 2022-ci il tarixli reyestr nömrəsi 16). İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli, 3(002)-769/2022 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ünvanı ünvan 2əsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmiş, iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməsi qeyd olunmuşdur. (11 noyabr 2022-ci il tarixli reyestr nömrəsi 7). Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, İdarənin ünvanı kimi qeyd edilən ünvan 4rişlər göndərilmiş, həmçinin səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 11 noyabr 2022-ci il tarixli məhkəmə iclası 21 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. Lakin qeyd olunan qurumun nə səlahiyyətli nümayəndəsinin iştirakı, nə də ki, iş üzrə əhəmiyyət kəsb edən sübutların məhkəməyə təqdim edilməsi istiqamətində həmin qurum tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərarı, eləcə də qərardan şikayət vermiş şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin dispozisiyasına əsasən ov qaydalarının kobud şəkildə pozulması halına yol verdiyi üçün 1000 manat məbləğində cərimə olunmuşdur. Lakin inzibati orqan qərarında E.İ.Zərbalıyevin ov qaydalarının kobud şəkildə pozması hərəkətlərinin nədən ibarət olduğunu, hansı heyvanı ovladığını, həmçinin naməlum heyvanları ovlayarkən hansı növ və neçə ədəd patrondan istifadə etdiyini göstərməmiş, qeyd olunan halları təsdiq edən heç bir fotoşəkil iş materialına əlavə etməmişdir. Bundan əlavə 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətində reyd zamanı ümumilikdə 7 ədəd 12 kalibrli patron və 5 ədəd ördək hadisə yerindən götürüldüyü və buna dair fotoşəkillərin mövcud olduğu qeyd olunsa da həmin sübutlar məhkəməyə təqdim olunmamış, həmçinin qeyd olunan sübutların, məhz X2 məxsus silahdan açılmış atəş nəticəsində yarandığı halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin məhkəmə qeyd edir ki, X3 ilə həmin gün hadisə yerində olan dostu X4 münasibətdə Qaradağ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 3(002)-760/2022 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 3 (103)-2152/2022 nömrəli qərarları mövcuddur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından, həmçinin inzibati xətaya hazırlığa və ya cəhdə görə məsuliyyət nəzərdə tutulmadığından X3 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 129.1.3, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar