Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-77/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Şamaxı rayonu, Təklə kəndində doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 23 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Siyəzən Rayon Məhkəməsinin 2(059)-249/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürlü səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs Siyəzən Rayon Məhkəməsinin 2(059)-249/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürlü səbəb göstərmədən icra etməmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-249/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 01 iyul 2012-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq 09 dekabr 2009-cu il təvəllüdlü X1 üçün X6 verilməlidir. İcra sənədi 01 avqust 2018-ci il tarixdə qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya və tələbkara göndərilmişdir. İcra sənədi 11 yanvar 2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmiş, 17 yanvar 2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Borcluya icra sənədini tam icra etməsi ilə bağlı xəbərdarlıq edilsə də, lakin görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır. Dekabr ayında övladının ad gününə getmədiyinə görə tələbkar ondan aliment tələb etmişdir. Hazırkı vaxtadək tələbkarın xeyrinə heç bir ödəniş etməsə də övladının saxlanılmasında iştirak etmişdir. Hazırda tələbkara 6300 borcu vardır. Əvvəllər usta işləsə də hazırda heç bir yerdə işləmir. İmkanı olmadığına görə aliment borcunu ödəyə bilmir. 3 nikahdan 8 övladının və nəvələrinin olmasını və göstərdiyi digər xüsusatları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 2(059)-249/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 01 iyul 2012-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq 09 dekabr 2009-cu il təvəllüdlü X1 üçün X4 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2012-ci il tarixli qərarın surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-249/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada həmin tarixdə borclu Şəxs və tələbkara göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olduğundan Siyəzən Rayon Məhkəməsinin 2(059)-249/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Siyəzən Rayon Məhkəməsinin 2(059)-249/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hazırki vaxtadək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Həmçinin azyaşlı övladının saxlanılmasında iştirak etməsi halı borclu tərəfindən məhkəmədə qeyd olunsa da bununla bağlı heç bir dəlil məhkəməyə təqdim olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM- 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-77/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-77/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver