Məhkəmə qərarları › İş №3(002)-77/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-77/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-77/2025 22.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 491.1 və 492.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100-00069/25 nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 491.1-ci və 492.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 00100-00069/25 nömrəli inzibati xəta haqqında protokola əsasən, "Bakı şəhəri, Qaradağ rayonu, Sahil STQ, Salyan şosesi 29-cu km, 12 A ünvanında yerləşən anbara həyata keçirilən baxış zamanı **********8179 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə invoysda qeyd olunan yüklərdən bəzilərinin tamamən, bəzilərinin isə qismən istifadə olunduğu aşkar edilmişdir. Aktın düzgünlüyü Bakı Baş Gömrük İdarəsinin əməkdaşları və "xxxx" MMC-nin əməkdaşı tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən **********8179 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 150x150x12.5 mm olan bucaq profilinin istifadə edilməklə üzərində sərəncam verilmiş 7.1 metrlik, 120x100x8 mm olan bucaq profilinin istifadə edilməklə üzərində sərəncam verilmiş, 4.3 metrlik, 100x100x8 mm olan bucaq profilinin istifadə edilməklə üzərində sərəncam verilmiş 12.1 metrlik, 220x120x12.5 mm olan bucaq profilinin istifadə edilməklə üzərində sərəncam verilmişdir. İstifadə edilmiş bucaq profillərinin ümumi gömrük dəyəri barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-1100/013/034589 nömrəli xx.xx.2024-cu il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/028/037579 saylı xx.xx.2024-cu il tarixli raporta əsasən "xxxx" MMC tərəfindən **********8179 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 150x150x12.5 mm olan bucaq profilinin İstifadə edilməklə üzərində sərəncam verilmiş 7.1 metrlik hissəsinin 1251.66 manat, 120x100x8 mm olan bucaq profilinin istifadə edilməklə üzərində sərəncam verilmiş 4.3 metrlik hissəsinin 426.17 manat, 100x100x8 mm olan bucaq profilinin istifadə edilməklə üzərində sərəncam verilmiş 12.1 metrlik hissəsinin 1065.53 manat, 220x120x12.5 mm olan bucaq profilinin istifadə edilməklə üzərində sərəncam verilmiş 2.04 metrlik hissəsinin 494.19 manat, ümumilikdə isə MMC tərəfindən istifadə edilməklə üzərində sərəncam verilmiş bucaq profillərinin dəyərinin 3237,55 manat olduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək, hüquqi şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, hüquqi şəxs tərəfindən istifadə edilmiş profillərin üzərinə vurulmuş eyniləşdirmə vasitələrinin (stiker) həmin orqanın icazəsi olmadan çıxarıldığı və istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə izahatında hüquqi şəxs barəsində tərtib olunmuş protokolda qeyd olunan inzibati xətanın törədildiyini və malların istifadə olunduğunu etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialına əlavə edilmiş saxlancdakı malların qeydiyyat jurnalının surətindən görünür ki, Şəxs MMC-yə aid hissədə eyniləşdirmə nömrəsinin AA1015480 olduğu qeyd edilmişdir. İş materialına əlavə edilmiş Şəxs MMC-nin təsisçisi X3 inzibati araşdırma zamanı vermiş olduğu izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) MMC-nin nizamnaməsinə əsasən təsisçilərindən biridir. Təsisçisi olduğu MMC-nin fəaliyyəti müxtəlif Ölkələrdən tikinti materiallarının idxalı istehsalı və satışından ibarətdir. Bildirmişdir ki, **********8179 sorğu nömrəli xx.xx.2024-cü il tarixli saxlanç xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların istehsal edilərək sifarişçiyə təqdim olunması zərurəti yaranmışdır. Bu səbəbdən də mallara gömrük orqanı tərəfindən vurulan stiker çıxarılaraq sözügedən mallardan istifadə olunmuşdur. Qeyd olunan faktla bağlı BBGİ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Aktın doğruluğunu da öz imzası ilə təsdiq etmişdir. Həmin mallar istehsal edilərək Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-yə satışı həyata keçirilmişdir. **********8179 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan istifadə edilməklə, 150x150x12.5 mm olan profildən 5 metr, 120x100x8 mm olan profildən 7.7 metr, 220x120x12.5 mm olan profildən isə 1 metr qalmış, lakin 100x100x8mm olan bucaq profilinin hamısı istifadə olunmuşdur. Gömrük qaydalarının pozulduğunu MMC olaraq etiraf edirlər. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 00100-00069/25 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, ümumilikdə isə Şəxs MMC tərəfindən istifadə edilməklə üzərində sərəncam verilmiş bucaq profillərinin dəyərinin 3237,55 manat olduğu müəyyən edilmişdir. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanının 3.7.1-ci yarımbəndinin 2-ci hissəsinə əsasən gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması gömrük orqanının razılığı əsasında həyata keçirilir. Məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokoldan və işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilmişdir. Bu fakt inzibati xəta iş materialları ilə yanaşı, hüquqi şəxsin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcələnin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcələnin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1 və 492.1-ci maddələri ilə təqsirli bilinərək İXMnin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, İXM-nin 491.1-ci maddəsinin sanksiyası çərçivəsində, yəni inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 40%-i məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, İXM-nin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 40%i məbləğində, yəni 1293 (bir min iki yüz doxsan üç) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar