Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-770/2021 01.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 01 iyun 2021-ci il tarixli, 015 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4464/2017 saylı, 15 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 240 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İcra sənədi 15.02.2021-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun yaşadığı ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını icra etmədiyinə görə borclunun adına daşınar və ya daşınmaz əmlakların, qiymətli kağızların, bank hesablarının olub-olmaması, bundan əlavə əmək haqqı, pensiya təqaüd alıb-almaması barədə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə elektron sorğu kartoçkasından çıxarışlar edilmiş, lakin hər hansı müsbət məlumat əldə edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından 15.03.2021-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq aidiyyəti orqana göndərilmişdir. Borclu axtarış qərarına əsasən 01 iyun 2021-ci il tarixdə Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün Qaradağ rayon İcra şöbəsinə təhvil verilmiş və həmin tarixdə onun izahatı alınmış və o izahatında maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmədiyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 015 saylı 01.06.2021-ci il tarixli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib izahatında bildirmişdir ki, borclu Şəxs barəsində inzibati protokol tərtib edilməmişdən öncə izahatı alınmış, borcluya aliment tələbinin dərhal icra edilməsinin zəruriliyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmədiyini bildirmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Buna görə də barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4464/2017 saylı, 15 dekabr 2017-ci il tarixli icra sənədinə əsasən iddiaçı X9 ilə cavabdeh Şəxs arasında 09.06.2009-cu il tarixdə Ağdam rayon İH-nin Zəngişalı ərazi nümayəndəliyində 20 saylı akt qeydi ilə bağlanılmış nikahın pozulması, 10.04.2010-cu il təvəllüdlü X7 və 22.05.2012-ci il təvəllüdlü X8 anaları X5 yanında və himayəsində saxlanılması, 10.04.2010-cu il təvəllüdlü X3 və 22.05.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanılmaları üçün 14.07.2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay bir uşağa görə 120 manat, iki uşağa görə cəmi 240 manat məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlama haqqında 15 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4464/2017 saylı, 15 dekabr 2017-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Borclunun axtarışı haqqında 15 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Bakı şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nizami Novruzovun Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin rəisi Kamal Əliyevə ünvanlandığı 01 iyun 2021-ci il tarixli, ***-**** nömrəli məktubun surətindən görünür ki, Şəxs aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4464/2017 saylı, 15 dekabr 2017-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4464/2017 saylı, 15 dekabr 2020 ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən bu günədək ümumiyyətlə heç bir ödənişin edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin Həbsetmənin əvvəli 01 iyun 2021-ci il, saat 17:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-770/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-770/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver