Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-771/2023 20.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin və narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 11 mart 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saat 05:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rotterdam küçəsində saxlanılmış, Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək həmin gün saat 07:15 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd "Rothmans" markalı siqaret qutusunun içərisində olan 1 ədəd ağ rəngli kağızdan olan bükülüdə təmiz çəkisi 0,128 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd ağ rəngli kağızdan olan bükülüdə təmiz çəkisi 0,031 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi V.A.Süleymanov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, bildirmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 mart 2023cü il tarixli qərara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətdiyindən onun barəsində 20 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq 38-ci PB-nin sahə rəisi V.A.Süleymanov bildirmişdir ki, Şəxs könüllü olaraq narkomaniya xəstəliyindən müalicə aldığı üçün onu narkomaniya xəstəliyindən müalicə müəssisəsindən götürmüş və barəsində tətbiq edilmiş inzibati xəta haqqında protokolla bərabər məhkəməyə təqdim etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, bir ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. Narkotik vasitəni yalnız öz istifadəsi üçün tanımadığı şəxslərdən əldə edir. Ailəsi onun narkotik vasitə istifadəçisi olduğunu bildikdən dərhal sonra müalicə alması məqsədilə onu müalicə müəssisəsinə yerləşdirmişlər. Əlavə olaraq bildirmişdir ki, müdafiəçinin hüquqi yardımından istifadə etmək istəmir və bu onun maddi vəziyyəti ilə bağlı deyildir. Əməlindən peşmandır, bir daha analoji hallara yol verməyəcəyini nəzərə alaraq, həmçinin müalicə müəssisəsində müalicəsini davam etdirə bilməsi üçün, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2023-cü il tarixli 6/1495 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs Şəxs üzərindən aşkar edilmiş.." sözləri və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,128 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,031 olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,542 qram olan şəffaf rəgli kristallik maddə narkotik vasitə və ya psixotrop maddələrə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 30 mart 2023-cü il tarixli, 1750 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs narkotik vasitənin istehlakçısı olduğundan və satış məqsədi olmadan şəxsi istehlak miqdarı çərçivəsində saxlamasına görə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsilə inzibati qaydada məsuliyyətə cəlb olunması, ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmış, Şəxs aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,128 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,108 qram hissəsi və 1 ədəd bükümdə təmiz çəkisi 0,031 qram psixtrop maddə- metamfetaminin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi - 0,011 qram hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rotterdam küçəsində 11 mart 2023-cü il tarixdə PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq 38-ci Polis Bölməsinə gətirilmiş, bölmədə üzərinə baxış keçirilən zaman narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını, bir daha analoji əməllərə yol verməyəcəyinə dair söz verməsini, həmçinin könüllü şəkildə narkomaniya xəstəliyindən müalicə tətbiq olunan müəssisəyə yerləşməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və həmin maddənin sanksiyasında yalnız cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını və onun könüllü şəkildə narkomaniya xətəliyindən müalicə müəssisəsinə yerləşdiyini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, eyni zamanda ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, məcburi müalicənin icrasına nəzarət Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixtrop maddə- metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məcburi müalicənin icrasına nəzarət Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin MSY-də saxlanılan 1 ədəd bükümdə təmiz çəkisi 0,128 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,108 qram hissəsi və 1 ədəd bükümdə təmiz çəkisi 0,031 qram psixtrop maddə- metamfetaminin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi - 0,011 qram hissəsi məhv edilsin. Qərardan, surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-771/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-771/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver