Məhkəmə qərarları › İş №3(002)-772/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-772/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-772/2024 24.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs firmasının nümayəndəsi X1 iştirakları ilə, Şəxs firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Şəxs firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə keçirilmiş yanğından mühafizəyə dair texniki müayinə zamanı Şəxs firması tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Bilal Niftəliyev, ev 45, mənzil 60 ərazisində həmin hüquqi şəxsə məxsus “Murad” hoteldə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və yerinə yetirilməməsi aşkar edilmişdir. Bununla da Şəxs firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin nümayəndəsi X4 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş yanğından mühafizəyə dair texniki müayinə zamanı Şəxs firması tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Bilal Niftəliyev, ev 45, mənzil 60 ərazisində həmin hüquqi şəxsə məxsus “Murad” hoteldə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və yerinə yetirilməməsi aşkar edilmişdir. Bununla da Şəxs firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-cində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmənin suallarına cavab olaraq X4 bildirdi ki, ötən ildə keçirilən yoxlama nəticəsində müəyyən edilmiş bəzi çatışmazlıqlar firma tərəfindən hələ də aradan qaldırılmamışdır. Firmanın icraçı direktoru yoxlama aktını imzalamaqdan imtina etdiyinə görə həmin sənədləri firmanın ünvanına poçtla göndərilmişdir. xx.xx.2024-cü il tarixdə yoxlamanın keçirilməsi zamanı qeydə alınan nöqsanların əks olunduğu hər hansı videoçəkiliş və ya fotoşəkillər mövcud olmadığından onlar sübut növü kimi iş materialına əlavə etməmişlər. Yoxlama keçirilərkən akt tərtib olunmuş, hüquqi şəxsin yoxlamada iştirak edən nümayəndəsi aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs firmasının nümayəndəsi X3 bildirdi ki, firma tərəfindən həmin yoxlama zamanı heç bir nümayəndə iştirak etməmişdir. Həmçinin, qeyd olunan akt və həmin akt əsasında tərtib olunmuş inzibati xəta haqqında protokol yalnız obyektə daxil olmadan, müvafiq yoxlama keçirilmədən tərtib olunmuşdur. Çünki, həmin obyektdə hər hansı yoxlamanın keçirilməsi halı mövcud olan kameralar tərəfindən qeydə alınmamış, bundan əlavə inzibati xəta haqqında protokolda adı qeyd olunmuş səlahiyyətli şəxsin aktda və protokolda göstərilən vəziyyətlə qarşılaşması baş verməmişdir. Beləliklə, ümumiyyətlə hər hansı müayinənin keçirilməsi həqiqəti əks etdirmir. Bundan əlavə inzibati xəta haqqında protokola çatışmazlıq, nöqsan kimi qeyd olunmuş hallar ümumiyyətlə həmin obyektdə mövcud deyildir. Göstərilənləri nəzərə alaraq, Şəxs firması barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolun ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şəxs firmasının icraçı direktoru X5 protokola etiraz edərək bildirdi ki, həmin müayinə zamanı səlahiyyətli orqan tərəfindən ona məlumat verilməmiş, imzalaması üçün heç bir sənəd təqdim edilməmişdir. Sənədlərdə adının qeyd edilməsinin səbəbi sadəcə firmanın icraçı direktoru qismində fəaliyyət göstərməsi ilə bağlıdır. Hazırda aktda qeyd edilmiş nöqsanların heç biri mövcud deyildir. xx.xx.2024-cü il tarixdə “Murad” hoteldə hər hansı yoxlamanın şahidi olmamışdır. “ İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən tərtib edilmiş 243 nömrəli, xx.xx.2024-cü il tarixli texniki müayinə aktından görünür ki, obyektdə təxliyə yollarının üzərində “çıxış” sözü yazılmış işıqlandırıcı lövhələr asılmamış, mətbəx, qazanxana və çamaşırxana sahələrinin tavan hissəsi tezalışan materialla üzlənmiş və bu sahələr avtomatik yanğından xəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb. Obyektin daxili yanğın su kranlarının yerini bildirən göstəricilər mövcud deyil. Çardağ sahəsinin elektrik naqilləridüzgün quraşdırılmasıb. Mətbəx sahəsinin tüstü bacası yağ qalıqlarından təmizlənməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən tərtib olunmuş Şəxs firması barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs firması tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan inzibati xəta hadisələrinin Şəxs firması tərəfindən törədilməsini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş 243 nömrəli, xx.xx.2024-cü il tarixli texniki müayinə aktı əsasında təsdiq olunduğunu qeyd etmişdir. Lakin, məhkəməyə təqdim edilmiş sübutlar yalnız texniki müayinə aktından ibarətdir, Bundan əlavə təqdim olunmuş sənədlərlə inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xəta hadisəsinin ümumiyyətlə mövcud olması və həmin hadisənin məhz Şəxs firması tərəfindən törədilməsi halı sübuta yetirilmir. Eyni zamanda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs firmasının nümayəndəsi onların protokolun və aktın tərtib olunması zamanı məlumatsız olmalarını və iştirak etmədiklərini məhkəmənin diqqətinə çatdırmışdır. Protokol birtərəfli qaydada tərtib edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar