Məhkəmə qərarları › İş №3(002)-777/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-777/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-777/2021 03.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM-nin) 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş 01 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 05 may 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park kompleksində X1 təhqir edərək Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsin sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etdiyini qeyd edib, çıxışında bildirmişdir ki, Şəxs 05 may 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park kompleksində X4 ünvanına nəlayiq söyüşlər söyərək onu təhqir edərək xırda xuliqanlıq etmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün adiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2019-cu il tarixdə Qaçkınkom tərəfindən onlara işləmək üçün qadın salonu verilmişdir. O, həmin salonun adı “İnstyle” adlandırılır və həmin salonda “Saç ustası” işləyir. Sultanlı Zərifə isə anası ilə birlikdə həmin salonda “Tattoo-qaş” ustası kimi fəaliyyət göstərir. Sonuncularla aralarında əvvəllər də mübahisə olduğundan onlar salonun içərisində ayrıca otaq düzətdirərək orada fəaliyyət göstərirlər. 05 may 2021-ci il tarixdə saat 17:00 radələrində Zərifənin müştərisi olan adını xatırlamadığı xanım ümumi zaldan çıxarkən zalın qapısını açıq qoymuş və içəridə olan hicablı müştərisinin etirazına səbəb olmuşdur. Ona görə də müştəriyə qapını bağlamasını demiş və bundan sonra Zərifə onun sözlərindən əsəbləşərək onu nəlayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra Zərifənin sözləri ona ağır gəldiyi və əsəbləşdiyi üçün o da Zərifəni nəlayiq ifadələrlə təhqir etmişdir. Hadisə vaxtı salonda 9 nəfər işçi olmuş və hadisə 20-25 dəqiqə davam etmişdir. Son olaraq məhkəməyə müraciət edib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında valideynləri ilə birlikdə yaşayır. “Qobu-park” yaşayış kompleksində yerləşən 13 nömrəli binanın 1-ci mərtəbəsində dövlət tərəfindən məcburi köçkün olaraq onlara ümumi salondan 23 kvadrat yer ayrılmışdır “İnstyle” adlı salonda anası ilə birlikdə “Tattoo-qaş” ustası kimi fəaliyyət göstərirlər. Q.Hürü də həmin salonda “Saç ustası” kimi fəaliyyət göstərir. Hürü adlı xanımla münasibətləri yaxşı olmadığı üçün salonun içərisində müştərilərə xidmət göstərmək üçün ayrıca otaq düzətdirərək orada fəaliyyət göstərirlər. 05 may 2021-ci il tarixdə saat 17:00 radələrində onun müştərilərindən olan bir xanım ümumi zaldan çıxarkən bilmədən ümumi zalın qapısını açıq qoymuş, bu səbəbdən də Hürü müştəriyə qapını bağlamasını irad etmiş. Bundan sonra o, Hürüyə onun müştərisi ilə niyə belə davrandığını soruşduqda sonuncu heç bir səbəb olmadan onu nəlayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra o da, bu barədə DİN-in 102 qaynar xəttinə müraciət etmişdir. Hazırda Şəxs şikayətçi olmasının nəzərə alınaraq sonuncu barəsində qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs 15.06.2012-ci il təvəllüdlü X8 və 05.12.2017-ci il təvəllüdlü X9 iki azyaşlı övladı vardır. İXM-nin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində icraat aparılan şəxsin himayəsində üç azyaşlı uşağının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini, yəni Şəxs himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar