Məhkəmə qərarları › İş №3(002)-779/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-779/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-779/2023 26.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Əzizova (Feziyeva) Günel Mürsəl qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Zəngilan rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Zəngilan rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Əzizova (Feziyeva) Günel Mürsəl qızına ödənilməsinə dair Zəngilan Rayon Məhkəməsinin 2(034)-15/2022 saylı, 14 iyun 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı xx.xx.2023-cü il tarixli və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmış, lakin o, şöbəyə gəlməkdən imtina etmişdir. Dəfələrlə onunla icra sənədinin icrası ilə bağlı mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, lakin o, şöbəyə gəlməkdən imtina etmişdir. İcra sənədi üzrə borclunun 5520 manat aliment borcu yaranmışdır. Borclu icra sənədini qərəzli şəkildə icra etməkdən yayınır. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, hal-hazırda fərdi əməklə məşğuldur. Taksi fəaliyyəti ilə məşğul olur. İmkan tapdıqca aliment ödənişlərini edir. Axırıncı dəfə mart ayında 200 manat ödəniş etmişdir. Borcunu tam olaraq ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında zərərçəkmiş Əzizova (Feziyeva) Günel Mürsəl qızı məhkəmə iclasında bildirmişdir ki, öhdəsində iki azyaşlı övladı var. Onları çətinliklə böyüdür. Alimentin ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini qərəzli şəkildə icra etmədiyi, həmçinin icra məmurunun çağırışlarına gəlmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 26 aprel 2023-cü il tarixdən, saat 17.20-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar