Məhkəmə qərarları › İş №3(002)-78/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-78/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-78/2025 10.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, X9 küçəsi, ev 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-1430/2018 saylı, 01 avqust 2018-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 2(032)-1430/2018 saylı, 01 avqust 2018-cı il tarixli icra vərəqəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(032)-138/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 108 manat miqdarında alimentin miqdarı dəyişdirilərək artırılması, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulmasının əvvəli Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1430/2018 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Ələt qəsəbəsi, Sabir küçəsi, ev 4-də qeydiyyatda olan cavabdeh Şəxs hər ay 135 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi, cavabdeh Şəxs 30 manat tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 03 oktyabr 2018-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu 2024-cü ilin iyun ayı da daxil olmaqla aliment boclarını vaxtı-vaxtında ödəmişdir. Daha sonra özünün bildirdiyinə görə oğlu, X5 onun himayəsində yaşamağa başladığından aliment borcunun ödənilməsini dayandırmış və bu günədək 945 manat ödənilməmiş aliment borcu qalmışdır. Bu faktla bağlı borcluya məhkəməyə müraciət etmək hüququ izah edilsə də borclu uşağın onun himayəsində olması və alimentə xitam verilməsi ilə bağlı halhazıradək məhkəməyə müraciət etməmişdir. Bütün bu qeyd etiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 10 yanvar 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstəmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verməsinə baxmayaraq tələbkar üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin aliment borcunu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o aliment borcunun ödənilməsindən heç vaxt yayınmamışdır. Belə ki, 2024-cü ilin iyun ayınadək hər ay aliment borcunu vaxtında ödəmişdir. Baxmayaraq ki, 2024-cü ilin may ayından oğlu X5 onunla yaşamağa balşamaqla onun himayəsindədir. O övladının saxlanması ilə bağlı bütün xərcləri ödəyir. Bu faktı bütün qonşuları da təsdiq edə bilər. Lakin oğlunun onun himayəsində olması və alimentin ləğv edilməsi ilə bağlı hal-hazıradək məhkəməyə müraciət etməmişdir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 02 sentyabr 2008-ci ildə doğulmuş X5 öz izahatında atasının dediklərini təsdiq edərək 2024-cü ilin may ayından könüllü olaraq atasının yanına getdiyini və həmin vaxtdan hal-hazıradək atası ilə birlikdə yaşadığını, bütün maddi məişət xərclərinin atası tərəfindən ödənildiyini bildirərək onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs 2024-cü ilin iyun ayından sonra aliment borcunu ödəməmiş və bunu azyaşlı oğlunun onun himayəsində olması ilə əsaslandırmışdır. Lakin məhkəmə baxışı zamanı qeyd olunan faktla bağlı hər hansı məhkəmə mübahisəsinin və ya qərarının olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası təmin edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 10 yanvar 2025-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, alimentin təyin edildiyi 01 avqust 2018-ci il tarixdən 2024-cü ilin iyun ayınadək alimenti vaxtı-vaxtında ödədiyini və bu işə görə ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar