Məhkəmə qərarları › İş №3(002)-786/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-786/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-786/2023 01.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 01 may 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(106)-83/2020 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X2 müştərək qaydada 5000 manat əsas, 2250 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 7750 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb "xxxx" Kredit İttifaqı MMC-yə həmçinin 10 manat dövlət rüsumu cavabdehlərdən alınıb dövlət nəfinə ödənilməlidir. Məhkəmə xərclərini təşkil edən ekspertiza tədqiqatının dəyəri 251 manat cavabdeh Şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Hazırda Şəxs "xxxx" Kredit İttifaqı MMC-yə 7770 manat və məhkəmə ekspertiza xərclərinin dəyəri 251 manat borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Ş.Əhmədli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 06 may 2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(106)- 83/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Daha sonra icra şöbəsində borclunun izahatı alınmış, o izahatında, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda borclu Şəxs 7770 manat və ekspertiza xərcinin dəyəri 251 manat borcu yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Borcundan 700 manat ödəniş etmişdir. Hazırda rəsmi iş yeri olmadığına görə, maddi imkanı aşağı olduğuna görə borcunu ödəmək imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saat 10:00 radələrində icra şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Müdafiəçinin hüquqi yardımından istifadə etmək istəmir və əlilliyi olan şəxs deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(106)-83/2020 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X2 müştərək qaydada 5000 manat əsas, 2250 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 7750 manat və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb "xxxx" Kredit İttifaqı MMC-yə həmçinin 10 manat dövlət rüsumu cavabdehlərdən alınıb dövlət nəfinə ödənilməlidir. Məhkəmə xərclərini təşkil edən ekspertiza tədqiqatının dəyəri 251 manat cavabdeh Şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 06 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(106)-83/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 06 may 2021-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan X1 1 saylı Ərazi Məşğulluq filialının 10 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, Şəxs Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər təklif edilmiş, lakin vətəndaş təklif olunan işlərdən əmək haqqının az olduğunu səbəb göstərərək imtina etmişdir. Şəxs xx.xx.2021-ci il tarixindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 05 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(106)- 83/2020 saylı icra sənədinə əsasən 7750 manat və 30 manat dövlət rüsumunu ödəməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(106)-83/2020 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs tərəfindən "xxxx" Kredit İttifaqı MMC-yə 7770 manat və məhkəmə ekspertiza xərclərinin dəyəri 251 manat ödənilməlidir. İcra sənədi üzrə icraata 06 may 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı tam olaraq təmin etməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs qərarın icrasına laqeyd yanaşaraq borcunu ödəməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 01 may 2023-cü il tarixdən saat 10:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 01 may 2023-cü il tarixdən saat 10:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar