Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-788/2023 01.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, 22 avqust 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-3082/2016 saylı, 30 avqust 2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 3082/2016 saylı, 30 avqust 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 3.777 manat vurulmuş zərərin məbləği və 30 manat ödənilmiş dövlət rüsumu məbləği, cəmi 3.807 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 8(002)-391/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadına əsasən Şəxs məxsus “VAZ-21074” minik markalı, ban nömrəsi XTA**********0331, buraxılış ili 2009-cu il, mühərrikin nömrəsi 9539964, ağ rəngli ** FR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclunun ödəniş etməsinə dair onda heç bir məlumat yoxdur. Bu səbəbdən də sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 01 may 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, borclu sonuncu dəfə 2018-ci ilin aprel ayının 30-da ödəniş edib. Cəmi etdiyi ödənişlərin ümumi miqdarı 680 manat olub. 3120 manat borcu isə ödənməmiş qalmışdır. 30 avqust 2016-cı il tarixli icra vərəqəsi dövlətin adından çıxarılıb, bu səbəbdən də icra edilməlidir. Həmçinin 2016-cı ildən qeyd olunan pul məbləğinin də dəyəri aşağı düşüb. Bütün bunların nəzərə alınaraq borclunun qeyd olunan borc məbləğini dərhal ödəməsinin təmin edilməsini, bu baş vermədikdə isə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 13, mənzil 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, evlidir, iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla üç övladı və xəstə anası və atası da onun himayəsindədir. İndiyədək rəsmi iş yeri və qazancı olmasa da hissə-hissə borcundan 680 manat ödəniş etmişdir. Təxminən on gün olar ki, “Kamaz” yük markalı avtomobili etibarnamə əsasında icarəyə götürüb idarə etməyə başlamışdır. Hal-hazırda məhkəmə iclasının gedişində 150 manat, bir həftə ərzində isə 500 manat borcundan ödəniş edə biləcəyini, qalan borcu isə qısa müddətdə ödəmək üçün əlindən gələni edəcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 01 may 2023cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Məhkəmə baxışı zamanı tələbkarın nümayəndəsi borclu tərəfindən təqdim edilən 150 manat məbləğini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, əvvəllər borcundan qismən ödənişlər etməklə hazırda da 150 manat ödəmək istəməsini, hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmasına dair heç bir sübutun olmamasını, eləcə də bu işlə bağlı ilk dəfə məhkəmə məsuliyyətinə verilməsini və yaranmış borcunu qısa müddətdə ödəməyə söz verməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-788/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-788/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver