Məhkəmə qərarları › İş №3(002)-79/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-79/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-79/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhər Qaradağ rayon Prokurorluğundan daxil olmuş inzibati materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında materiallardan və Qaradağ rayon Prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədovun 14 yanvar 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” Qərarından görünür ki, xx xxxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış şəxsə İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi, qərarın inzibati tənbeh tətbiq edilməsi məsələsinə baxılması üçün aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərilməsi, qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi, Şəxs aşkar edilərək götürülmüş, üzərində “Cracher”, “Match”, “1shot”, “Mini 48/10/60 EK0201E” sözləri yazılmış, hər birinin içində 10 ədəd olmaqla 34 ədəd böyük qutuda pirotexniki vasitələrin Qaradağ rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarından aydın olmuşdur ki, Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” TM-nin 1-ci korpusunun 10 və 11-ci sıralarının arasında yerləşən 20 nömrəli mağazada istehsalı və ya satılması qadağan olunmuş mallar olan pirotexniki vasitələrin satışını həyata keçirməsi faktı Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və həmin faktı üzrə Qaradağ rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və Şəxs əməlində İXM-nin 442-ci maddəsinin tərkib əlamətləri olduğundan toplanmış materialın İXM-nin 54.2 və 99.3-cü maddələrinə əsasən aidiyyəti üzrə Qaradağ rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Material rayon prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, Şəxs törətdiyi əməlini etiraf etmiş və özünü təqsirli bilmişdir. Bundan başqa tərtib edilmiş aktdan görünür ki, Şəxs “Cracher”, “Match”, “1shot”, “Mini 48/10/60 EK0201E” sözləri yazılmış, hər birinin içində 10 ədəd olmaqla 34 ədəd qutuda pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmənin 06 fevral 2023-cü il tarixli iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib olunmuş prootkolu qəbul etməyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Bakı şəhər Qaradağ rayon Prokurorluğuna lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında qərar və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində göstərilir ki, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə müsadirə inzibati tənbeh növünün tətbiq edilməsini daha məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar, yəni; “Cracher”, “Match”, “1shot”, “Mini 48/20/60 EK0201E” sözləri yazılmış, hər birinin içində 10 ədəd olmaqla 34 ədəd qutuda pirotexniki vasitələr müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Hal-hazırda Qaradağ rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan “Cracher”, “Match”, “1shot”, “Mini 48/20/60 EK0201E” sözləri yazılmış, hər birinin içində 10 ədəd olmaqla 34 ədəd qutuda pirotexniki vasitələrin müsadirə edilməsi Qaradağ rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar