Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-802/2021 09.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Qorki küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən daxil olmuş 08 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 iyun 2021-ci il tarixdə saat 15:45 radələrində Sənqəçal qəsəbəsi ərazisi, M.Qorki küçəsində xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin polis mayoru X4 izahat verərək bildirmişdir ki, 08 iyun 2021-ci il tarixdə saat 14:45 radələrində 67-56 çağırışlı avtopatrullar Sənqəçal qəsəbəsində polis əməkdaşları polis serjantı Səmədov Rəşidlə, polis serjantı Səbuhi Əhədov birlikdə xidmətdə olduqları zaman Sənqəçal qəsəbəsi, Dəmiryolçular küçəsində 1 nəfər şəxs səs-küy və nalayiq söyüşlər söydüyünə görə vətəndaşların şikayəti əsasında həmin şəxs yaxınlaşıb özlərini təqdim edib 11-ci polis bölməsinə dəvət etmişlər. Böləmədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1978-ci il təvəllüdlü Şəxsdur. Faktla əlaqədar Şəxs barəsində baş vermiş inzibati xəta hadisəsi ilə bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərmişdir ki, həftədə bir dəfə spirtli içki qəbul edir. Sonuncu dəfə 08 iyun 2021-ci il tarixdə nahar vaxtı yaşadığı evdə olarkən spirtli içki olan araq qəbul etmişdir. Evdə onun həyat yoldaşı X1 və uşaqları qalır. Spirtli içki qəbul etdiyinə görə həyat yoldaşı ilə son zamanlar aralarında sözlə mübahisə olur. Qeyd etdiyi kimi 08 iyun 2021-ci il tarixdə yaşadıqları evdə olarkən spirtli içki qəbul etmiş, həmin vaxt arvadı Aynurə ilə yenə aralarında sözlə mübahisə baş vermiş və o, arvadı Aynurəni təhqir etmişdir. Lakin qeyd olunan hərəkələrin hamısı evin içində baş vermişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin rəisi Yasər İbadova ünvanlanmış 08 iyun 2021-ci il tarixli raportdan görünür ki, 08 iyun 2021-ci il tarixdə saat 14:45 radələrində 67-56 çağırışlı avtopatrullar Sənqəçal qəsəbəsində polis əməkdaşları polis serjantı Səmədov Rəşidlə, polis serjantı Əhədov Səbuhi birlikdə xidmətdə olduqları zaman Sənqəçal qəsəbəsi, Dəmiryolçular küçəsində 1 nəfər şəxs səs-küy və nalayiq söyüşlər söydüyünə görə vətəndaşların şikayəti əsasında həmin şəxs yaxınlaşıb özlərini təqdim edib 11-ci polis bölməsinə dəvət etmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 08 iyun 2021-ci il tarixdə saat 16:45-də Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru Zahir Qiyasov tərəfindən tutulmuş, 09 iyun 2021-ci il tarixdə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, Təbriz Nəsurullayev 08 iyun 2021-ci il tarixdə saat 15:45 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Qorki küçəsi, ev 2 ünvanında spirtli içki qəbul etdiyi üçün həyat yoldaşı Aynurə Nəsurullayeva ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu təhqir etməsi mübahisəsiz şəkildə müəyyən olunsa da, Təbriz Nəsurullayev tərəfindən evin içindən kənar həyat yoldaşı Aynurə Nəsurullayevanı təhqir etməsinə dəlalət edə biləcək şahid ifadələri mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Təbriz Nəsurullayev tərəfindən 08 iyun 2021-ci il tarixdə evin içində həyat yoldaşı Aynurə Nəsurullayevanın ünvanına təhqiramiz ifadələrin işlətməsindən ibarət hərəkətləri, yəni başqa sözlə desək keçmiş ər-arvad arasında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş hadisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Lakin, hazırkı halda ər-arvad arasında baş vermiş mübahisənin ətrafdakılara və ictimai qaydaya münasibətdə törədilən hərəkətlərə keçməsi iş materialları ilə müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-802/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-802/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver