Məhkəmə qərarları › İş №3(002)-808/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-808/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-808/2022 12.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 28 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İD***-******* və İD***-******* nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli bazarında xx.xx.2022-ci il tarixdə satmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi A.M.Zeynalov bildirmişdir ki, Şəxs MMC ərzaqlıq kartof məhsullarının ölkəyə gətirilməsi üçün müraciət etmiş, məhsul partiyası ölkəyə idxal olunandan sonra agentliyə həmin ərzaqlıq kartof məhsullarının sertifikatlaşdırılması üçün müraciət olunmuşdur. Məhsullar sertifikatlaşdırılmadan satış həyata keçirilmişdir. MMC-dən satılan məhsullar barədə məlumat istənilsə də, lakin məlumat verilmədən satılmış kimi qeyd etmişlər. Bundan sonra sertifikat ləğv edilmişdir. Həmçinin MMC tərəfindən rüsum ödənilməmişdir. Daha sonra MMC-nin mühasibi müraciət edərək məhsulların yerində olduğunu bildirmiş, əməkdaşlar tərəfindən şirkətə baxış keçirilsə də məhsullar aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa A.M.Zeynalov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, baxış zamanı məhsullar yerində olsa idi, MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edərdilər, lakin malların hamısının yerində olmaması aşkar edildikdən sonra MMC barəsində inzibati xəta haqqında protokol tərtib edərək inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, şirkət tərəfindən İD***- ******* və İD***-******* nömrəli müraciətlər əsasında ölkəyə ərzaqlıq kartof məhsulları idxal edilmişdir. Onların əməkdaşlarının səhvi ucbatından İD***-******* nömrəli müraciət sertifikat rüsumu ödənilmədiyindən sistem tərəfindən ləğv olunmuş, İD***-******* nömrəli müraciətdə isə mallar idxal olunmuş, tərəflərindən isə statusu 4 ay sonra bəyan edilmişdir. Sistemdən heç bir məlumatları olmadığı üçün məhsulları Meyvəli bazarında satmışlar. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, İD********** nömrəli müraciət üzrə 14 gün ərzində ödəniş etmədiyi üçün sistem tərəfindən 31 may 2022-ci il tarixdə “Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında” qərar qəbul edilmişdir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli, 23/1/İSN-6922 saylı bildirişin surətindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, İD***- ******* və İD***-******* nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli bazarında xx.xx.2022-ci il tarixdə satmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar