Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-818/2022 19.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə rəisi X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 12 may 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM-nin) 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş 19 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 31 may 2022-ci il tarixdə keçmiş həyat yoldaşını əxlaqsız sözlərlə söyüb təhqir edərək Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsin sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etdiyini qeyd edib, çıxışında bildirmişdir ki, Şəxs 31 may 2022-ci il tarixdə X4 ünvanına nəlayiq söyüşlər söyərək onu təhqir edərək xırda xuliqanlıq etmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Keçmiş həyat yoldaşı X6 31 may 2022-ci il tarixdə saat 17:00 radələrində onun yaşadığı ünvana gələrək onu qısqandığını bildirdiyi üçün aralarında mübahisə baş vermiş, sonra onu şikayət etmişdir. O, Sevincə heç bir xəsarət yetirməmiş, əsəbləşərək söyüb təhqir etmişdir. Son olaraq məhkəməyə müraciət edib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında valideynləri ilə birlikdə yaşayır. Şəxs onun keçmiş həyat yoldaşıdır. 31 may 2022-ci il tarixdə günün müxtəlif vaxtlarında Şəxs onun yaşadığı mənzilin qapısının qarşısına gələrək onu nalayiq sözlərlə təhqir edərək, əxlaqsız adlandırmışdır. Bundan sonra o da, bu barədə DİN-in 102 qaynar xəttinə müraciət etmişdir. Hazırda Şəxs oğlundan şikayətçi olmasının nəzərə alınaraq sonuncu barəsində qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzova ünvanlanmış 13 iyun 2022-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan X6 31 may 2022-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək keçmiş əri Şəxs yaşadığı ünvana gələrək onu döyməsi barədə məlumat vermişdir. X1 müraciəti 31 may 2022-ci il tarixdə 10-cu PB-nin “Törədilmiş və hazırlanan cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitab”ında HK-1-1561 saylı nömrə ilə qeydə alınaraq icraata daxil olmuşdur. X6 həmin gün ərizə ilə müraciət edərək keçmiş həyat yoldaşı Şəxs günün müxtəlif vaxtlarında onun yaşadığı mənzilin qapısının qarşısına gələrək onu nalayiq sözlərlə təhqir etdiyini, onu əxlaqsız adlandırdığını və 31 may 2022-ci il tarixdə isə binanın blokunda saçından tutub, divara çırparaq başına vurduğunu və valideynlərinin ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. X1 müraciəti əsasında Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılmış, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və əməli törətmiş şəxsin müəyyən olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi məqsədi ilə inzibati icraat açılması barədə qərar qəbul edilmişdir. Odur ki, qəbul edilmiş qərarın icra edilməsi üçün müvafiq əməkdaşa həvalə edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış materialda naməlum şəxsin əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri izahatlar, inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-818/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-818/2022
19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver