Məhkəmə qərarları › İş №3(002)-822/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-822/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-822/2022 20.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nın polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakıları ilə, xx xxxxxx 1972-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla, Yasamal rayonunda, qeyri-müəyyən ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-nın sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 20 iyul 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 08 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 28 iyun 2022-ci il tarixdə, ünvan 2 ünvanında kirayə yaşadığı evdən X6 məxsus mobil telefon, 10 kq ət, qızıl üzük, 50 manat nağd pulu oğurlamaqla zərərçəkmiş şəxsə 300 manat dəyərində maddi ziyan vurmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nın polis sahə inspektoru, polis mayoru X2 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 29 iyun 2022-ci il tarixdə zərərçəkən X8 DİN-in 102 xidmətinə zəng vuraraq ünvan 2 ünvanında Şəxs müvəqqəti qalmaq üçün verdiyi, özünün isə kirayədə yaşadığı evdən 28 iyun 2022-ci il tarixdə 10 kq ət, qızıl üzük, 50 manat nağd pulun və 300 manat dəyərində mobil telefonun oğurlandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X8 öz izahatında göstərmişdir ki, Qaradağ rayonu, Puta qəsəbəsində özünə məxsus “Qarabağ” kafesini işlətməklə məşğuldur. Şəxs ona yaxınlaşaraq iş istəmiş, aralarında bu haqda razılığa gəlmişlər. Şəxs həmin kafedə üç gün işləmiş, o da əməyinin qarşılığında ona 60 manat pul ödəmişdir. Daha sonra Şəxs edilən zənglərə cavab verməmiş, nə iş yerində, nə də onun üçün birlikdə kirayə tutduqları evdə tapılmamışdır. Bir müddət sonra Şəxs ona yenidən müraciət edərək iş istəmiş, bu dəfə onu özünün Lökbatan qəsəbəsi, 28 may küçəsində kirayədə qaldığı evə yerləşdirmişdir. 28 iyun 2022-ci il tarixdə həmin evə gələrkən qapının bağlı olduğunu görüb ev sahibi ilə əlaqə saxlamış, içəri daxil olduqda evdən kafe üçün aldığı 10 kq ətin, özünə məxsus gümüş üzüyünün, 300 manat məbləğində mobil telefonun, 50 manat pulunun və evdə olan digər geyim əşyalarının oğurlandığının şahidi olmuşdur. Buna görə də növbəti gün DİN-in 102 xidmətinə zəng edərək baş verən oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. O məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, ona dəymiş zərər protokolda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərildiyi kimi 300 manat deyil, ümumilikdə təqribən 1000 manata yaxındır. İnzibati araşdırma zamanı da eyni məzmunlu izahat vermiş, lakin ona məlum olmayan səbəbdən oğurluq nəticəsində vurulmuş ziyanın məbləği nədənsə 300 manat göstərilmişdir. Bütün bunların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X6 məxsus “Qarabağ” kafesində işlədiyi müddətdə onun əmək haqqısı ödənilməmişdir. Adil Əmirova məxsus mobil telefonu səhvən özü ilə götürmüş, digər əşyalara isə toxunmamışdır. Bütün bunların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, zərərçəkmişin və barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxsin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd olunan xırda talama hadisəsinin Qaradağ RPİ-nin 10-cu PB-da araşdırılması çox səthi aparıldığından və natamam olduğundan inzibati material yenidən araşdırmanın aparılması məqsədilə Qaradağ rayon prokuroruna göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı zərərçəkmiş X8 məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, ona dəymiş zərər protokolda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərildiyi kimi 300 manat deyil, ümumilikdə təqribən 1000 manata yaxındır. Bundan başqa ondan oğurlanan üzük qızıl deyil gümüşdür. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan hadisə nəticəsində oğurlanan əşya və predmetlərin dairəsi dəqiq müəyyən edilməmiş, onların dəyəri düzgün hesablanmamış və ümumiyyətlə bu hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, oğurlandığı iddia olunan əşya və predmetlərin dairəsinin yenidən müəyyən edilməsi və hadisənin kimin tərəfindən törədilməsinin aydınlaşdırılması zəruridir. İnzibati xətalar məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi zərərçəkmişin verdiyi izahatda ona dəyən ziyanın miqdarının 1000 manata yaxın olması göstərilmişdir və bu da inzibati xətalar haqqında qanunvericliklə deyil Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. Bundan əlavə iş materiallarına əlavə edilmiş 20 iyul 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokola İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş fiziki şəxs Şəxs konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilibedilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54, 85 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati material yenidən araşdırılması üçün Qaradağ rayon prokuroruna göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar