Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-828/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə barəsində tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinın balansında olan Sahil qəsəbəsindəki təmizləyici qurğudan istifadə edilməməsi, tullantı sularının hər hansı bir təmizləmə aparılmadan birbaşa Xəzər dənizinə axıdılması halları aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol natamamdır. Çünki tərtib edilmiş protokola yalnız fotoşəkillər əlavə olunmuş, suyun çirkli olması ilə bağlı heç bir sübut yoxdur. Protokol tərtib olunarkən onlara məlumat verilməmiş, qeyd olunan əraziyə baxış keçirilərkən iştirakları təmin olunmaqla heç bir akt tərtib edilməmişdir. Suyun çirkli olubolmaması ilə bağlı analiz keçirilməmişdir. Bundan başqa həmin ərazilərdə təmizləyici qurğuları fəaliyyət göstərir və onlar həmin qurğuları daima nəzarətdə saxlayırıq. Ona görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan inzibati xəta hadisəsi ilə bağlı akt tərtib edilmədən protokol tərtib olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdə əks olunan suyun çirkab su olduğunu təsdiq edən müvafiq sənədləri (laboratoriya nəticəsi) əlavə edilməmiş, bundan başqa protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin məhkəmədə iştirakı təmin edilmədiyindən məhkəmə tərəfindən fotoşəkillərdə əks olunan suyun məhz çirkab su olduğunu müəyyən etmək mümkün olmamışdır. Protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.( Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarı). Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs ASCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-828/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-828/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver