Məhkəmə qərarları › İş №3(002)-833/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-833/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-833/2023 08.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş şəxs X1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ Rayon DYPŞ, yol-patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar qəbul edilərək İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:55-də Bakı şəhəri Salyan yolu 12 km ərazidə idarə etdiyi Opel Astra minik markalı ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbin yerinə yetirməmişdir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:55-də o, özünə məxsus Opel Astra minik markalı ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Lökbatan dairəsindən Şıxov istiqamətində hərəkət etmişdir. Həmin vaxt tədbirlərlə (Formula 1 yarışları) əlaqədar Lökbatan dairəsi bağlı olmuş və nəqliyyat vasitələrinin keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Lakin, orada olan polis əməkdaşları yaxın məsafədə olan avtomobillərin gedişinə icazə verdikləri üçün onların özlərinin icazəsi ilə o, avtomobil ilə hərəkət etmişdir. Az bir məsafə getməmiş arxadan polis avtomobili gəlmiş və saxla işarəsi verərkən o, avtomobili dərhal saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq əmrə tabe olmadığını və avtomaşını icazə olmadan sürdüyünü bildirmişdir. O, həmin vaxt Lökbatan dairəsində olan və avtomobillərin hərəkətini təmzimləyən polis işçilərindən birinin onun avtomobili idarə etməsinə icazə verdiyini bildirmişdir. Lakin həmin polis işçisi onun əmrə tabe olmaması barədə əsassız olaraq protokol tərtib etmişdir. Bu barədə kamera görüntüləri də mövcuddur. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Əsassız olaraq barəsində protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, onu saxlayan polis işçisinin tələbi ilə geri qayıdaraq başqa yolla yoluna davam etmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək və şikayətinə əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:55 radələrində hərbiçi həyat yoldaşı ilə bərabər Su idman sarayının yaxınlığında yaşayan qohumunun yas mərasimi ilə əlaqədar gedərkən Lökbatan dairəsində həmin vaxt mövcud olan postda xidmət göstərən polis əməkdaşlarına idarə etdiyi nəqliyyat vasitəsi ilə yaxınlaşmış, həmin istiqamətə hərəkət etməsi üçün icazə istəmişdir. Orada xidmət göstərən polis əməkdaşlarından biri onlara qeyd olunan istiqamətə hərəkət etmələrinə icazə vermiş, nəqliyyat vasitəsini idarə etdikdən bir qədər sonra digər polis əməkdaşı yaxınlaşaraq, ona nəqliyyat vasitəsini dayandırmaq göstərişi vermiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan əlavə qeyd etmişdir ki, Lökbatan dairəsində olarkən ona digər polis əməkdaşı həmin yoldan istifadə etməsi barədə icazə verməmiş olsa idi o, alternativ yoldan istifadə edərək, gedəcəyi istiqamətə hərəkət etmiş olardı. Polis əməkdaşları arasında baş vermiş mübahisə səbəbindən digər polis əməkdaşının onun barəsində qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib etdiyini hesab edərək, həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X5 izahatında bildirmişdir ki, X4 posta yaxınlaşmış, lakin heç kim ona keçməsi üçün işarə verməmişdir. Daha sonra isə saxla əmrinə tabe olmamışdır. Buna görə saxlanılaraq barəsində İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat cərimə edilmişdir. Həmçinin həmin gün saat 17:45-dən 19:45-dək həmin ərazidən vətəndaşların keçməsinə icazə verilmişdir. Ona görə hesab edir ki, 25 aprel 2023-cü il tarixli TP ******* inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, T.M.Hüseynova 25 aprel 2023-cü il tarixdə, saat 22:55-də idarə etdiyi “Opel Astra” minik markalı 99BY687 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, T.M.Hüseynova barəsində 25 aprel 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında 25 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və T.M.Hüseynovanın 25 aprel 2023-cü il tarixdə idarə etdiyi “Opel Astra” minik markalı 99BY687 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, T.M.Hüseynovanın tabesizlik göstərək qurulmuş postdan icazəsi olmadan keçməsini məhkəmə iclasında qeyd edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, həmin faktı sübut edəcək görüntünü, dəlili məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, heç bir əsaslı səbəb olmadan, həmin vaxt şikayət ərizəsində qeyd olunan istiqamətdə bir çox nəqliyyat vasitələrinin hərəkət etdiyi halda, qərardan şikayət vermiş şəxs T.M.Hüseynovanın “Formula 1” yarışlarının keçirildiyi xüsusi ayrılmış hissəyə çatmadan gedişini sonlandıracağına, həmin vaxt eyni postda xidmət göstərən polis əməkdaşının icazəsindən sonra hərəkət etməsinə baxmayaraq, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən 25 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini sübuta yetirmək inzibati orqana aid olsa da məhkəmə iclasında qərarda qeyd olunmuş faktı təsdiq edəcək sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar