Məhkəmə qərarları › İş №3(002)-846/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-846/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-846/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Bayram qızının, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X3 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1və 482.2 -ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 482.2 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş iş materialları xx xxxx 2020-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, 00100-0705/20 saylı protokoldan görünür ki, Şəxs (VÖEN **********) İran İslam Respublikasında fəaliyyət göstərən “Böhran Sanat Falat” ilə arasında bağlanılmış 001 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə əsasında 05 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 96B17310/96B17410 nömrə nişanlı yük avtomobilində göndərilmiş, xx xxx 2020- ci il tarixdə saat 19:35-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş malları xx xxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0155 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edərkən “birdəfəlik qaşıq və çəngəl” yükünün faktiki sayını az göstərməklə, ümumi dəyəri 752 manat təşkil edən 47 qutu (hər qutuda 40 paçka, hər paçkada 50 ədəd olmaqla) plasmas çəngəl və ümumi dəyəri 752 manat təşkil edən 47 qutu (hər qutuda 40 paçka, hər paçkada 50 ədəd olmaqla) plasmas qaşıqdan ibarət az miqdarda, 1504 manat dəyərindəki həmin malları gömrük orqanına düzgün bəyan etməmiş, habelə malları daşıyan həmin yük avtomobilində olsa da, Gömrük bəyannaməsi və mal müşayiət sənədlərində qeyd edilməmiş 1 ədədinin qiyməti 0,10 manat olan 173000 ədəd (hər qutuda 1000 ədəd olmaqla, 173 qutuda) İran İslam Respublikasında istehsal olunmuş, 22,5x 17,5 ölçülü aliminiumdan birdəfəlik qabları karton qapağı ilə birlikdə az miqdarda, 17300 manat dəyərindəki həmin malları gömrük orqanına bəyan etməmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Dövlət Gömrük Komitəsi və onun strukturuna daxil olan bölmələr öz səlahiyyətləri çərçivəsində gömrük rüsum və ödənişlərini toplamaq ilə yanaşı eynilə gömrük nəzarətini də müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirir. Müvafiq olaraq gömrük nəzarəti qanunvercilikdə nəzərdə tutulan üsul və vasitələr ilə yerinə yetirilməkdədir. Malların gömrük ərazisinə gətirilərkən bəyan edilməsi qaydalarından irəli gələrək idxalatçılar gömrük orqanlarına malları şifahi, kağız üzərində yazılı, yaxud elektron formada bəyan edirlər. Bəyannamə tərtib edilərkən idxalatçılar tələb olunan məlumatları faktiki idxal etdikləri mallara uyğun təqdim etməyə borcludurlar. Bu qaydaların tələblərini pozaraq mallara dair məlumatları düzgün təqdim edilmədiyi təqdirdə bu malların predmetinin dəyərindən asılı olaraq, inzibati və cinayət məsuliyyətinə səbəb olur. 2020-ci ilin may ayında Azərbaycan Respublikasına 96B17310/96B17410 nömrə nişanlı yük avtomobilində Şəxs ünvanına mallar gətirilmişdir. Mallar Bakı Baş Gömrük İdarəsində **********0155 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edildikdən sonra müvafiq gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı ilkin olaraq malların faktiki çəkisi Gömrük bəyannaməsi və yük müşayiət sənədlərində göstəriləndən çox olduğu aşkarlanmış, buna görə də yoxlama daha ətraflı və əsaslı surətdə davam etdirilməklə malların ayrı-ayrılıqda eyniləşdirilməsi həyata keçirilmişdir. Eyniləşdirmə zamanı yük avtomobilindən bəyannamədə göstərilən hər bir mal ədəd sayı və təsvirinə uyğun olsa da, “birdəfəlik qaşıq və çəngəl” yükünün faktiki sayının göstəriləndən daha artıq olduğu, avtomobildə faktiki aşkarlanan aliminiumdan birdəfəlik qabların isə ümumiyyətlə bəyannamədə və mal müşaiyət sənədlərində göstərilmədiyi aşkarlanmışdır. Nəticədə gömrük orqanına bəyan edilməyən və düzgün bəyan edilməmiş mallardan başqa, bəyannaməyə uyğun olan mallar idxalatçının sərəncamına verilmiş, yoxlamanın nəticəsi protokollaşdırılmaqla Təhqiqat şöbəsinə faktla bağlı araşdırma aparmaq tapşırılmışdır. Raport daxil olduqdan sonra Azərbaycan Respublikası İXM-nin 482.1, 482.2-ci maddələri ilə inzibati xəta haqqında iş başlanılmış, inzibati xətanın predmeti olan əşyalar götürülməklə dəqiq sayları müəyyən edilmiş, ekspertiza təyin edilmiş və digər hərəkətlər aparılmışdır. Hüquqi şəxsin gömrük rəsmiləşdirməsində iştirak edən qanuni təmsilçisi ilə yanaşı toplanılmış digər subutlar inzibati xətanın törədilməsi, hüquqi şəxsin xətada təqsirini müəyyən etmək üçün kifayət olduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə verilmişdir. Hazırda məhkəmədə tədqiq olunan sübutlar ilə Azərbaycan Respublikası İXM-nin 482.1, 482.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi təsdiq olunduğuna görə Şəxs təqsirli bilinməsi və tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Bayram qızı izahatında göstərmişdir ki, malların yoxlanılması zamanı pozuntu çəkinin uyğunsuz olduğuna görə baş vermişdir. Gömrük orqanlarında yoxlama aparılan zaman idxalatçı əlavə rüsumları ödəmək niyyətini bildirsə də, buna şərait yaradılmamışdır. Yalnız bəyannamədə göstərilən sayda mallar şirkətin özünə verilsə də, artıq mallar gömrükdə saxlanılmışdır. Şəxs tərəfindən bəyan edilmiş mallar çəkisinə görə rəsmiləşdirildiyindən ədəd sayına görə fərq olmağı pozuntu yaratmamalıdır. Çəkidə yaranan fərq isə ödənişlərin məbləğinə təsir edir, ona görə də çəki fərqinə görə ödəniş etmək niyyətində olduqlarını, pozuntuya yol vermədiklərini, malın çəkisinin fərqinə görə pozuntu baş verməsi ilə razılaşmadığını, ona görə də inzibati xəta haqqında protokola etiraz etdiyini göstərmişdir. İş materi allarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 11:00-da “İpək Yolu” terminalında “xxxx” MMC-nin adına daxil olmuş və **********0155 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsində bəyan edilmiş mallar yoxlanılmışdır. Yoxlam nəticəsində Şəxs MMC tərəfindən daxil olmuş yüklərə aid gömrük organına təqdim olunmuş **********0155 saylı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş netto çəkisi 4770 kq olan “plastmasdan süfrə və mətbəx qabları, birdəfəlik qablar qapaqlarla birlikdə” yükünün netto çəkisinin 5194,24 kq olduğu, yəni 424.24 kq artıq olduğu, həmçinin, sözügedən yüklərin içərisində gömrük bəyannaməsində qeyd olunmayan netto çəkisi 1610,4 kq olan “alüminiumdan birdəlik qablar” və netto çəkisi 2000 kq olan “alüminium qablar üçün nəzərdə tutulmuş karton qapaqlar” yüklərinin olduğu müəyyən olunmuşdur. Bəyannamədə qeyd olunmayan mallar “İpək Yolu” gömrük postunun 1-ci anbarına saxlanca verilmişdir. Yoxlama gömrük nəzarəti nəticəsində aşkar edilmiş malların ədəd sayı deyil, yalnız çəki fərqi müəyyən edildiyinə görə görmük orqanına bəyan edilməmiş və düzgün bəyan edilməmiş malların sayını müəyyən etməyə zərurət yaranmış, buna görə də xx.xx.2020-ci il yoxlama nəticəsində aşkar edilən əşyaların xx xxx 2020-ci il tarixdə saat 10:00-də götürülməsi aparılmışdır. Götürülmə zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus yükləri Astara gömrük postundan Bakı Baş Gömrük İdarəsinə gətirilərək Bakı Baş Gömrük İdarəsində **********0155 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş malları daşıyan 42CA386/42CA981 yük avtomobilin yoxlanılması nəticəsində aşkar edilmiş mallar gömrük orqanına bəyan edilməmiş hər qutuda 1000 ədəd olmaqla 1xx xxxxxx 173000 ədəd alüminiumdan birdəlik qablar və hər qutuda 1000 ədəd olmaqla 1xx xxxxxx 176000 ədəd alüminium qablar üçün nəzərdə tutulmuş karton qapaqlar, bundan başqa gömrük orqanına düzgün bəyan edilməmiş hər qutuda 2000 ədəd olmaqla 47 qutu plastmasdan çəngəl və hər qutuda 2000 ədəd olmaqla 47 qutuda plastmasdan qaşıqdan ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1588 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların ümumilikdə orta bazar qiyməti təxminən 17332,00 manat müəyyən edilir. Üzəri gümüşü falqa ilə örtülmüş, alüminium qablar üçün nəzərdə tutulmuş birdəfəlik karton qapaqlar birdəfəlik qabların dəstinə aid (tərkib hissəsi) olduğundan, ayrılıqda istifadə edilmədiyindən və satışda olmadığından qiymətləndirilmir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Şəxs MMC-nin nümayəndəsi X4 xx.xx.2020-ci il tarixli 00100-0705/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Bayram qızının məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi Şəxs inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. Bununla bağlı məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, protokolun məzmunu, ekspertiza rəyi, xx xxx 2020-ci il tarixli “yoxlama haqqında” protokol, habelə məhkəmə baxışının gedişatında verilmiş izahatların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Bayram qızının məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 482.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 50 faiz miqdarında, yəni 8650 (səkkiz min altı yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanın bilavasitə obyekti olan predmetlər gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar