Məhkəmə qərarları › İş №3(002)-847/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-847/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-847/2021 22.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1961-ci il tarixdə Zərdab rayonu, Əlvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 22.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-218/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli icra qeydinə əsasən, Şəxs dəymiş maddi ziyana görə 2490 manat, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə verilmiş dövlət rüsumuna görə 30 manat, iddia ərizəsinin tərtib edilməsinə görə qonorar olaraq X2 (vəkilin) hesabına ödədiyi 50 manat, cəmi 2570 manat X1 ödənilməsi qət edilmişdir. İcra sənədi 12.01.2021-ci il tarixdə Zərdab rayon İcra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. Həmin icra sənədi 18.02.2021-ci il tarixdə Zərdab rayon İcra şöbəsi tərəfindən aidiyyəti üzrə borclunun yaşayış yeri üzrə bakı şəhər Qaradağ rayon İcra şöbəsinə göndərilmiş və 03 mart 2021-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və həmin tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İcra sənədinin icrası ilə bağlı borclunun adına daşınar və ya daşınmaz əmlakların, qiymətli kağızların, bank hesablarının olub-olmaması, bundan əlavə əmək haqqı, pensiya təqaüd alıb-almaması barədə aidiyyətı orqanlara sorğular edilmiş, lakin müsbət cavablar alınmamışdır. Borclu ilk dəfə 04 mart 2021-ci il tarixdə İcra şöbəsinə dəvət olunaraq izahatı alınmış və ona icra sənədinin icrası tələb olunmuş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Bundan sonra borclu 22.06.2021-ci il tarixdə yenidən İcra şöbəsinə dəvət olunaraq izahatı alınmış, borclu izahatında icra sənədindən xəbərdar olduğunu, maddi imkanı olmadığından öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib, izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə borclu tərəfindən bu günə kimi hər hansı müsbət addım atılmamışdır. İcra sənədinin icrası ilə bağlı elektron qaydada aidiyyətı orqanlara sorğular edilmişdir. Sorğuya cavablara əsasən borcluya dair hər hansı gəlir və əmlak müəyyən edilməmişdir. O, izahatında borclu olduğunu qəbul etdiyini və işləmədiyi və maddi imkanının olmaması səbəbindən icra sənədini icra edə bilmədiyini göstərmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi müvafiq protokol tərtib olunmuş və baxılması üçün adiyyəti üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-218/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli icra sənədindən xəbərdardır və həmin borcunu maddi imkanı aşağı olduğundan ödəmək iqtidarında olmamışdır. Borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Heç bir yerdə işləmir, maddi vəziyyəti olduqca ağırdır. Bununla belə, gələcəkdə işlə təmin olunaraq maddi vəziyyətini düzəldib borc məbləğini qaytaracaqdır. Göstərilənləri nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Qeyd olunan maddənin tələbindən göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə inzibati məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, borclu Şəxs rəsmi iş yerinin, adına hər hansı daşınmaz və daşınar əmlakın və gəlirinin olması, həmçinin icra məmuru tərəfindən borclu İ.Sadiqin işlə təmin olunması barədə təklifi iş materialları ilə müəyyən olunmur və məhkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş 22.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 22.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar