Məhkəmə qərarları › İş №3(002)-851/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-851/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-851/2021 16.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və 13 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən aydın olur ki, vətəndaş X3 13 yanvar 2021-ci il tarixdə saat 16:25 radələrində karantin qaydalarını pozaraq icazə olmadan küçəyə çıxmışdır. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, o 13 yanvar 2021-ci il tarixdə SMS vasitəsi ilə 3 saatlıq icazə almaqla avtomobilində olan nasazlıqla bağlı material almaq üçün Sumqayıt şəhərinə getmiş və material evinə qayıdırmış. Həmin vaxt Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt növbədə ondan əvvəl bir xeyli maşın olduğu üçün və onun icazəsinin bitməsinə az qaldığı üçün polis əməkdaşına yaxınlaşaraq bu barədə bildirsə də, onu polis əməkdaşları əsassız olaraq təxminən 20 dəqiqəyə yaxın ləngitmişlər. Bundan sonra polis əməkdaşları ona icazə saatının bitdiyini və bunu öz aralarında həll edəcəklərini bildirmişlər. Onun şəxsiyyət vəsiqəsini tələb etmiş və ona heç nə deməyərək gedə biləcəyini bildirmişlər. Həmin vaxt onun barəsində hər hansı bir protokol tərtib edilməmiş, bu barədə ona heçnə bildirilməmiş və nə də ki, sonradan ona heç bir məlumat verilməmişdir. Sonradan onu Qaradağ icra şöbəsinə çağıranda ona məlum olub ki, o, cərimələnib. Odur ki, onun barəsində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Binəqədi RPİ-nin 6-cı PB-dən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X3 barəsində Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı X2 məhkəməyə təqdim etdiyi mobil telefondan edilmiş çıxarışla müəyyən edilmişdir ki, X1 (AA1784245) sms-nə cavab olaraq ona 13 yanvar 2021-ci il tarixdə saat 13:09-dan başlayaraq yaşayış yerini üç saat müddətində tərk etməyinə icazə verilmişdir. Göründüyü kimi, şəxsin icazə vaxtı 16:09-da bitməklə barəsində inzibati xəta haqqında protokol bundan 16 dəqiqə sonra tərtib edilmişdir. Həmin vaxt yoxlamanın keçirilməsinə nə qədər vaxt sərf olunması, növbədəki maşınların sayının az və ya çox olması, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinin iştirak etməməsi səbəbindən aydınlaşdırılması qeyri-mümkün olmuşdur. Bütün bu şübhəli hallar isə inzibati qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 barəsində tərtib edilmiş protokol İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Belə ki, həmin protokolda şəxsin iştirak etməməsi və formal olaraq guya ki, protokolu imzalamaqdan imtina etməsi göstərilmişdir. Lakin şəxsin imtinasına dair hər hansı bir qeyd protokolda öz əksini tapmamışdır. Şəxsin inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etməyi, onun barəsində hər hansı bir araşdırma aparılmadan və izahatı alınmadan elə həmin gün inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi tərtib edilmiş sənədlərin formal olduğunu bir daha göstərir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar