Məhkəmə qərarları › İş №3(002)-853/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-853/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-853/2021 24.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alıyeva (Bağırova) Ülkər İldırım qızının iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-3258/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-3258/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Alıyeva (Bağırova) Ülkər İldırım qızından 1755 manat borcun tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bu günə kimi borclu heç bir ödəniş etməmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasında iştirak etməsi üçün tələbkar X8 ilə əlaqə saxlanılsa da sonuncu məhkəmədə iştirak etmək istəmədiyini, lakin yığılıb qalmış borcunun tam şəkildə ödənilməsini tələb etdiyini və borcludan şikayətçi olduğunu mobil telefon vasitəsi ilə bildirmişdir. Hazırda isə borclu tələbkara olan borcunu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 24 iyun 2021-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qətnamədən xəbəri vardır. Lakin qeyd olunan 1755 manat borcu ilə razı deyil. Belə ki, o, tələbkar X2 200 manat faizə borc pul götürmüş, 200 manat əsas borcunu ödəmiş, geridə qalan faizi isə ödəməmişdir. Buna əsasən də o, yalnız faiz borcunu hissə-hissə ödəməyə razıdır. O, öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan 1755 manat borcu ilə əlaqədar 2017-ci ildə Rəsul adlı icra məmuru onu İcra şöbəsinə dəvət etmiş, daha sonra isə borcla əlaqədar ona heç bir bildiriş ünvanlanmamışdır. Hazırda himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaq olmaqla iki uşağı var və maddi cəhətdən sıxıntılar çəkir. Onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, ailə vəziyyətini və himayəsində bir azyaşlı, digəri isə yetkinlik yaşına çatmayan uşaq olmaqla, iki uşağının olmasını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Ödədiyi məbləğlərlə bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 24 iyun 2021-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İş materiallarına əlavə edilmiş 24 iyun 2021-ci il tarixli elektron sorğudan görünür ki, 11 mart 2005-ci ildə doğulmuş X6 və 01 avqust 2010-cu ildə doğulmuş X1 Ülkər İldırım qızının uşaqlarıdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinin tələbindən aydın olur ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını nəzərə alaraq barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar