Məhkəmə qərarları › İş №3(002)-855/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-855/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-855/2022 29.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(002)-164/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 04 fevral 2009-cu il təvəllüdlü X4 və 16 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment 12 oktyabr 2021-ci il tarixdən tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata 01 aprel 2022ci il tarixdə başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin, borclu Şəxs alimenti ödəməkdən mütəmadi olaraq yayınmış, nəticədə, onun bugünədək ödənilməmiş 3150 (üç min yüz əlli) manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru A.S.Allahverdiyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, icra sənədi Qaradağ rayonu İcra şöbəsinə 2022-ci ilin aprel ayında daxil olub, icraya yönəldiləndən sonra borcluya 01 aprel 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, həmin bildiriş sonuncu tərəfindən 13 aprel 2022-ci il tarixdə imza edilməklə qəbul edilmiş, həmçinin icranı könüllü qaydada təmin etməyəcəyi təqdirdə müvafiq inzibati məsuliyyət barədə ona xəbərdarlıq da edilmişdir. Bundan əlavə borclu A.S.Allahverdiyev bildirmişdir ki, 07 iyun 202-ci il və 14 iyul 2022-ci il tarixlərində İcra şöbəsində verdiyi izahatda qısa müddət ərzində 500 manat məbləğində tələbkara ödəniş edəcəyinə dair söz versə də vədinə əməl etməmişdir. Belə ki, borclu Şəxs mütəmadi olaraq aylıq aliment pulunu tam həcmdə ödəməkdən yayınmış, həmçinin bu günədək yığılmış 3150 (üç min yüz əlli) manat aliment borcu üzrə də ödənişlər həyata keçirməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə A.S.Allahverdiyev məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs heç bir yerdə işləmir, adına hər hansı əmlak yoxdur və çağırışlardan yayınmır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra sənədindən xəbəri var, lakin halhazırda heç bir yerdə işləmir, hər hansı bir gəliri və qazanc mənbəyi yoxdur. Lakin ona məxsus və hazırda aylıq 100 manat dəyərinə kirayə verdiyi mənzilindən gələn gəlirin əldə olunmasını tələbkara həvalə etmişdir. Bundan əlavə birgə nikah dövründə inşa etdikləri evi satmaq niyyətindədir, lakin tələbkar ona evə aid sənədləri təqdim etmir, o isə birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin uşaqları ilə daima görüşür və öz üzərinə düşən borcunu yerinə yetirir. İşlə təmin olunması ilə bağlı DOST mərkəzinə müraciət etmiş və iş təklifi almışdır, yaxın zamanda təklif olunmuş iş yerində fəaliyyətə başlayacaqdır. Bundan başqa icra məmurunun çağırışlarına vaxtında gəlmişdir. Göstərilənlərə əsasən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar A.Z.Fətəliyeva öz izahatında göstərmişdir ki, borcluya məxsus 100 manat məbləğinə kirayə verilmiş mənzildən gələn gəlirin öncəki 9 ay ərzində onun tərəfindən alınması və birgə nikah dövründə inşa etdikləri evin sənədlərini borcluya verməməsi doğrudur, lakin o, aliment borcunun tam ödənilməsində maraqlıdır. Qızının 11 yaşı, oğlunun isə 13 yaşı var və borclu Şəxs alimenti tam şəkildə ödəməməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(002)-164/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 04 fevral 2009-cu il təvəllüdlü X4 və 16 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin 01 aprel 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(002)-164/2022 saylı icra sənədi üzrə həmin tarixdə icraata başlanılmışdır. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs hər hansı gəliri yoxdur, onun mülkiyyətində hər hansı dəyərli əşyası və ya əmlakı aşkar edilməmişdir. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli və 07 iyun 2022-ci il tarixli məktublardan görünür ki, Şəxs Qaradağ Rayon İcra şöbəsi tərəfindən xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı DOST Mərkəzinin 18 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs ilə əlaqə saxlanılmış və 1 saylı Bakı DOST Mərkəzinə dəvət olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində mövcud olan vakansiyalar ilə tanış edilmişdir. Eyni zamanda Şəxs istəyinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəriqaz” İstehsalat Birliyində taxtabənd quraşdırıcısı və usta vəzifəsi üzrə vakansiyalara göndəriş verilmiş, həmçinin vətəndaşa peşə kursları, özünüməşğulluq proqramı və ictimai işlər barədə ətraflı məlumat verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(002)-164/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 04 fevral 2009-cu il təvəllüdlü X4 və 16 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Həmin icra sənədi əsasında 01 aprel 2022-ci il tarixdə Qaradağ Rayon İcra Şöbəsində icraata başlanmışdır. Qaradağ Rayon İcra və Probasiya Şöbəsində borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş bundan başqa aparılmış icra tədbirləri zamanı ayrı-ayrı qurumlara verilmiş sorğulara əsasən borclunun hər hansı gəlirinin, mülkiyyətində hər hansı dəyərli əşyasının və ya əmlakının olmaması müəyyən edilmişdir. Mülkiyyətində hər hansı bir əmlakının və digər gəlirlərinin olmaması borclu Şəxs əmlak vəziyyətinin göstəricisi olduğu halda, sonuncunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və ya belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, borclu Şəxs yeganə gəlir mənbəyi olan 100 manat dəyərində kirayə verdiyi mənzildən əldə olunan gəliri tələbkar A.Z.Fətəliyevaya həvalə etmişdir alimenti ödəməyə imkan verən digər ödəniş vasitəsi yoxdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2022-ci ilin aprel ayından icrası başlamış hazırkı iş üzrə borclu Şəxs tələbkar A.Z.Fətəliyevaya olan ümumi ödənilməmiş aliment borcu 3150 (üç min yüz əlli) manat deyil, 2250 (iki min iki yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar