Məhkəmə qərarları › İş №3(002)-856/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-856/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-856/2022 29.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə rəisi X4, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs ailəsi ilə birlikdə 18 iyul 2022-ci il tarixdə keçmiş həyat yoldaşını söyüb təhqir etməsi səbəbindən həyat yoldaşı X3 rayon Pİ 10-cu Polis bölməsinə müraciət etmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN seriyalı ******* saylı, 29 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə rəisi X5 məhkəmə iclasında bildirmişdir ki, Şəxs ailəsi ilə birlikdə 18 iyul 2022-ci il tarixdə keçmiş həyat yoldaşını söyüb təhqir etməsi səbəbindən həyat yoldaşı X3 rayon Pİ 10-cu Polis bölməsinə müraciət etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, 18 iyul 2022-ci il tarixdə anasının telefonu ilə vatsapda keçmiş həyat yoldaşı ilə danışmışdır. Keçmiş həyat yoldaşı ondan xalçanı istəmişdir. O da demişdir ki, “qızılları qaytar xalçanı verərəm”. O, keçmiş həyat yoldaşını söyüb təhqir etməmişdir. Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X7 Ayaz qızı bildirmişdir ki, Şəxs atası onun atasına zəng edərək onun fahişə olduğunu bildirmişdir. Atası da ona görə onu danlamışdır. Bu səbəbdən də o polisə şikayət etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddələrində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İstinad edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs keçmiş həyat yoldaşı X2 təhqir etməsi sübuta yetirilməmişdir. AR İXM-nin 53.0.1-ci və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar