Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-857/2022 29.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lerik rayonu Xanagah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonu Xanagah kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, 2-(81)-3795/2014 nömrəli əmrinə əsasən borclu Şəxs 710 manat pul məbləği və 10 manat dövlət rüsumu kreditor DSMF-nin Qaradağ Rayon Şöbəsinin xeyrinə tutulmalıdır. Bundan başqa Lerik Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2(048)-141/2015 nömrəli icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 1770 manat 87 qəpik əsas kredit borcu, 226 manat faiz borcu və 40 manat dəbbə pulu, cəmi 2036 manat 87 qəpik borc tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(002)- 1564/2017 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 3800 manat əsas borc, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 8830 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 11616.87 manat borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs hazırkı tarixə 11616.87 manat məbləğində borcu mövcuddur. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(002)-1564/2017 nömrəli icra vərəqəsi ilə ondan 8830 manat məbləğində pul alınaraq X2 verilməlidir. O, borcu ödəməkdən yayınmamışdır, belə ki, X4 vəfat etdikdən sonra ona olan borcunu onun hüquqi varisi olan arvadına ödəmişdir. Onun barəsində tərtib edilmiş protokolda qeyd olunan digər borclara dair ödəniş qəbzləri mövcuddur, onları icra məmuruna təqdim edəcəkdir. Şəxs əlavə olaraq məhkəməyə izahat verərək bildirmişdir ki, o, icra şöbəsinə məcburi gətirilməmiş, mobil telefonuna borcla bağlı göndərilmiş mesajı dəqiqləşdirmək üçün könüllü gəlmişdir. Bu səbəbdən onun barəsində tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, 2-(81)-3795/2014 nömrəli əmrinə əsasən borclu Şəxs 710 manat pul məbləği və 10 manat dövlət rüsumu kreditor DSMF-nin Qaradağ Rayon Şöbəsinin xeyrinə tutulmalıdır; icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli, 2-(81)-3795/2014 saylı əmri üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Lerik Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2(048)-141/2015 nömrəli icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 1770 manat 87 qəpik əsas kredit borcu, 226 manat faiz borcu və 40 manat dəbbə pulu, cəmi 2036 manat 87 qəpik borc tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir. icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən Lerik Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2(048)-141/2015 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(002)-1564/2017 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 3800 manat əsas borc, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 8830 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(002)-1564/2017 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1304/2018 saylı, 01 iyun 2018-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs icra sənədləri ilə üzərinə düşən 11616.87 manat borcu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Belə ki, iş materiallarında olan 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-3795/2014 saylı, 17 noyabr 2014-cü il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1564/2017 saylı,13 aprel 2017-ci il tarixli, Lerik Rayon Məhkəməsinin 2(048)-141/2015 saylı, 31 mart 2015-ci il tarixli icra sənədlərinə əsasən Qaradağ Rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 82926/15 nömrə ilə birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu Şəxs İcra müddətində borclu icra məmurunun qanuni tələblərinə tabe olaraq vaxtı-vaxtında çağırışlara gəlmiş və borcun hissə-hissə ödənilməsi səbəbi olaraq maddi imkanının olmamasını göstərmişdir. İşin faktiki hallarından da görünür ki, borclu işləmir, borclunun mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur, himayəsində bir azyaşlı övladı və ailəsi vardır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi nəzərə alınmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-857/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-857/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver