Məhkəmə qərarları › İş №3(002)-860/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-860/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-860/2020 27.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, ailəli, işləmir, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-206/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən 6.080 manat məbləğində əsas borc, 1.036 manat 30 qəpik məbləğində faiz borcu, 100 manat məbləğində cərimə, cəmi 7.216 manat 30 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Tələb Şəxs məxsus olan, “VAZ-21154” markalı ** LE *** dövlət qeydiyyat nişanlı (2011-ci il buraxılış, ******* mühərrik №-li, XTA211540B4985475 ban №-li, boz yaşıl metal rəngli) minik avtomobilinə yönəldilmişdir. Avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği “xxxx” ASC-yə ödənilməsi, “xxxx” ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Şəxs qaytarılması qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə Qaradağ Rayon Məhkəməsinin 2(002)-206/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə xx.xx.2016-cı il tarixli qərara əsasən borclu Şəxs məxsus “VAZ-21154 minik” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışı elan edilmiş və avtomobilin saxlanılaraq dayanacağa yerləşdirilməsi qərara alınmışdır. Lakin hal-hazırkı vaxtadək həmin qərar icra edilməmiş və borclu tərəfindən sözü gedən avtomobil təqdim edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından xx.xx.2020-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq adiyyəti orqana göndərilmişdir. Borclu xx xxxx 2020-ci il tarixdə polisin göstərişinə əsasən şöbəyə gəlmiş və həmin tarixdə izahatı alınmışdır. İzahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, lakin öhdəliyini icra eməməsinin səbəbi kimi avtomobilin faktiki sahibinin başqa şəxs olması və həmin avtomobilin axtarışda olaraq tapılmaması olmuşdur. İcra sənədinin icrası ilə bağlı mümkün icra tədbirləri həyata keçirilsə də, məhkəmə qərarının icrası ilə bağlı borclu hərəkət etməmişdir. Göstərilənləri nəzərə alaraq borclu X3 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, icra sənədinin icrası ilə əlaqədar mümkün icra tədbirləri həyata keçirilsə də, borclu Qaradağ Rayon Məhkəməsinin 2(002)-206/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu izahatında həmin “VAZ-21154” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə başqa şəxsə satıldığını və həmin avtomobilin olduğu yer barədə məlumatının olmadığını bildirərək borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir, əməlindən səmimi peşmandır. Yaşadığı ünvanı dəyişdiyindən barəsində axtarış verilməsindən məlumatı olmamışdır. Polis əməkdaşları onu saxladıqda bilmişdir ki, barəsəində axtarış elan olunub. Bundan sonra könüllü olaraq icra şöbəsinə gəlmişdir. “VAZ-21154” markalı ** LE *** qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşdirilsə də, əslində sözü gedən avtomobilin faktiki sahibi X2muşdur. Qardaşı Füzuli rayon qeydiyyatında olduğu üçün ondan xahiş etmişdir ki, həmin avtomobili bankda onun adına rəsmiləşdirsinlər. Füzuli ilə razılaşdıqdan sonra banka gedib bütün lazım olan sənədlərə imza etmişdir. Sonra “VAZ-21154” markalı ** LE *** qeydiyyat nişanlı avtomobilə dair müvafiq səlahiyyətləri etibarnamə əsasında qardaşı Füzuliyə vermişdir. Daha sonra 2013-cü ilin may ayında qardaşı Füzuli rəhmətə getmişdir. Bundan sonra banka pul ödəyə bilmədiyi üçün adlarını xatırlamadığı bankın əməkdaşları gələrək avtomobilin banka geri qaytarılması barədə razılığa gəlmişlər və həmin avtomobili ondan götürmüşlər. Hazırda həmin avtomobilin tapılması üçün axtarış verilmişdir. Avtomobil tapıldıqdan sonra açıq hərracdan satılaraq tələbkarın xeyrinə ödəniləcək, əgər əldə olunan məbləğ tələbkarın tələbini ödəməzsə çatışmayan məbləği banka özü ödəyəcəkdir. Qeyd etdiklərini və İİ qrup əlil olmasını nəzərə alınaraq barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-206/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən 6.080 manat məbləğində əsas borc, 1.036 manat 30 qəpik məbləğində faiz borcu, 100 manat məbləğində cərimə, cəmi 7.216 manat 30 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq “xxxx” ASC-yə ödənilməsi, tələbin Şəxs məxsus olan, “VAZ-21154” markalı ** LE *** dövlət qeydiyyat nişanlı (2011-ci il buraxılış, ******* mühərrik №-li, XTA211540B4985475 ban №li, boz yaşıl metal rəngli) minik avtomobilinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği “xxxx” ASC-yə ödənilməsi və “xxxx” ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Şəxs qaytarılması qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-206/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir; Borclunun əmlakının axtarılması haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Şəxs məxsus “VAZ-21154” markalı ** LE *** dövlət nömrə nişanlı avtomobil barədə axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-206/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutlmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar