Məhkəmə qərarları › İş №3(002)-863/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-863/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-863/2022 03.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3, tələbkar X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu Alıxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(064)-138/2021 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 5000 (beş min) ABŞ dollar milli manat ekvivalentində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 5000 ABŞ dolları borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs hazırkı tarixə 5000 ABŞ dolları məbləğində borcu mövcuddur. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(064)-138/2021 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 5000 (beş min) ABŞ dolları milli manat ekvivalentində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. Qeyd olunan icra sənədindən sonradan xəbəri olmuşdur. Həmçinin icra sənədi üzrə borcu olduğunu qəbul etmir və heç bir ödəniş etməmişdir. Belə ki, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli məhkəmə qətnaməsindən xəbər tutduqdan sonra ondan razı qalmadığı üçün Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin apellyasiya şikayəti təmin edilməmiş və bundan sonra yenidən icraya yönəldilmişdir. X5 Məhkəməsinin həmin qətnaməsini rəsmi qaydada almadığı üçün ərizə ilə müraciət edərək 28 iyul 2022-ci il tarixdə qətnaməni almışdır. Odur ki, həmin qətnamədən kassasiya şikayəti verəcək və hazırda həmin borcu qəbul etmir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar Z.M.Orucova öz izahatında göstərmişdir ki, o 2008-ci ildən topdan mebel satışı ilə məşğul olur. 2015-ci ilin aprel ayında cavabdeh Şəxs ilə aralarında 5000 ABŞ dolları dəyərində mebel alqı-satqısına dair birgə biznes fəaliyyəti olmuşdur. Həmin fəaliyyət nəticəsində cavabdeh Şəxs ona 5000 ABŞ dolları məbləğində borcu yaranmışdır. O, dəfələrlə cavabdehdən borcun qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmamış, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən Füzuli rayon məhkəməsində iddia qaldırmış və iddia tələbi təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(064)-138/2021 nömrəli icra sənədinə əsasən borclu cavabdeh Şəxs 5000 (beş min) ABŞ dollar milli manat ekvivalentində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir; icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(064)-138/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(106)-2008/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(064)-138/2021 nömrəli qətnaməsi dəyişdirilməmişdir; Füzuli rayon məhkəməsindən Bak şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş 24 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(064)-138/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, icra tədbirlərinin davam etdirilməsi nəticəsi, barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-579/2022 saylı, 16 may 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır; Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və borc sənədini icra etməkdən yayınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, borclu Şəxs Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(064)-138/2021 nömrəli qətnaməsindən narazı olduğundan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(064)-138/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra sözügedən qətnamə 01 oktyabr 2021-ci il tarixdə borclu Şəxs ünvanına göndərilsə də, sonuncu qətnamənin surətini rəsmi qaydada almadığını bildirmiş, bununla bağlı məhkəməyə ərizə ünvanlamış və qətnamənin surətini 28 iyul 2022-ci il tarixdə qəbul etmişdir. İşin faktiki hallarından da görünür ki, borclu işləmir, borclunun mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur, himayəsində dörd övladı və ailəsi vardır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən kassasiya şikayəti verə bilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin ona xx.xx.2022-ci il tarixdə təqdim edilməsi nəzərə alınmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Ə.Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar