Məhkəmə qərarları › İş №3(002)-868/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-868/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-868/2022 02.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs icraçı direktoru X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə barəsində tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Qaradağ rayonu Şubanı ünvanında 07 iyul 2022-ci il tarixdə saat 12:55-də “BM Hotel” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, protokol tərtib edilməzdən əvvəl barəsində protokol tərtib edilən şəxsə məlumat verilməsi, onun dəvət edilməsi və bu barədə ona bildiriş göndərilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. İnzibati xəta haqqında protokol birbaşa pozuntunun baş verdiyi və İdarənin əməkdaşları tərəfindən aşkar edildiyi yerdə tərtib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən özünü Hüquqi şəxsin nümayəndəsi kimi təqdim edən, lakin adını, soyadını və səlahiyyətlərini təsdiq edən sənəd təqdim etməkdən, həmçinin protokolu imzalamaqdan, protokolun surətini almaqdan imtina etmişdir. İnzibati xəta haqqında protokolun surəti xx.xx.2022-ci il tarixli Rİ-1/xx-xx/1848 nömrəli məktubla "xxxx" MMC-nə göndərilmiş və protokolda bu barədə qeyd aparılmışdır. Məktubun surəti protokola əlavə edilərək məhkəməyə göndərilmişdir. Protokolun surəti xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Şubanı qəsəbəsi ünvanında yerləşən “BM hotel” adlı obyektə göndərilmiş, lakin protokolun surətinin qəbul edilməsindən imtina edilmişdir. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-3.5-ci bəndləri tətbiq olunmamalıdır. Yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı aşkar edildikdə dərhal inzibati xəta haqqında protokol tərtib edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı aşkar edildikdə inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl akt tərtib edilməsinin, pozuntunun 5 gün ərzində aradan qaldırılmasına dair hüquqi şəxsə yazılı göstəriş verilməsinin, verilmiş müddət ərzində yenə də pozuntu aradan qaldırılmadıqda yalnız ondan sonra inzibati xəta haqqında protokol tərtib edilməsinin İdarədən tələb edilməsi qanunauyğun deyildir. Ona görə də, məhkəmədən hüquqi şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs icraçı direktoru X5 izahatında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol natamamdır. Çünki tərtib edilmiş protokola əlavə olunmuş fotoşəkillərin hansı tarixdə çəkilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarına əlavə olunmamışdır. Həmin şəkillər BM hotelin 2019-cu ildə mövcud olan vəziyyətinə aiddir. Məhkəməyə sübut olaraq xx.xx.2022-ci il tarixdə BM hotelin görünüşunu təsdiq edən şəkilləri təqdim edərək qeyd etmək istəyirik ki, hələ 2019-cu ildə Bakı Şəhəri Reklam İdarəsinin göstərişi ilə hotelin reklamına müəyyən dəyişikliklər edilərək xx.xx.2022-ci il tarixdə çəkilmiş şəkildəki görünüşə salınmışdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Bakı Şəhəri Reklam İdarəsinin hotelin reklamı kimi təqdim etdikləri Black Mount yazılarının reklam hesab edilməsi ilə razılaşa bilmərik, belə ki, həmin yazılar Azərbaycan dilinə tərcümədə qaradağ deməkdir və hotelin mənsubiyyətini, fəaliyyət növünü əks etdirmir. Ona görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs barəsində 07 iyul 2022-ci il tarixdə protokol tərtib olunsa da, iş materiallarına əlavə edilmiş fotoşəkillərin həmin tarixdə çəkilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim olunmuş fotoşəkillər məhkəmə tərəfindən tədqiq edilərkən isə həmin şəkillərin məhz 07 iyul 2022-ci il tarixdə çəkilməsində şübhələr yaranmışdır. Azərbaycan Respublikasının İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.( Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarı). Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs ASCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə geri qaytarılsın. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar