Məhkəmə qərarları › İş №3(002)-87/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-87/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-87/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan EP ******* №-li 18 yanvar 2023-cü il tarixli protokoldan aydın olur ki, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı 500000.00 (beş yüz min) ABŞ dolları məbləğində vəsaiti 30 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 500000.00 (beş yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 31 dekabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı-nın etibarnamə üzrə nümayəndəsi X2 «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır. Belə ki, qeyd olunan pul məbləği 30 dekabr 2020-ci il tarixdə ölkədən çıxarılmış, lakin 15 və 30 sentyabr 2021-ci il tarixlərində, hər dəfə 250000 ABŞ dolları olmaqla geri qaytarılmışdır. Həmin pul təmsil etdiyi şirkət tərəfindən texnika almaq üçün xaricə köçürülsə də sonradan texnika alınmadığı üçün şirkətin hesabına geri qaytarılmışdır. Yuxarıda qeyd olunanları rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 18 yanvar 2023cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 məhkəmə gedişatında təqdim etdiyi; 29 dekabr 2020-ci il tarixli, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti” ilə həmin şirkətin Azərbaycandakı Filialı arasında bağlanmış OZG-**-GM-*** nömrəli müqaviləyə əsasən, iki ədəd 40.000. ABŞ dolları məbləğində “Su tanker”, bir ədəd 200.000 ABŞ dolları məbləğində “Aslaft finişer”, iki ədəd 100.000 ABŞ dolları məbləğində “dəmir bandaj silindir” və iki ədəd 120.000 ABŞ dolları dəyərində “vabil silindir”in, ümumilikdə qiyməti 500.000 ABŞ dolları olmaqla, icraçı - “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən sifarişçi- həmin şirkətin Azərbaycandakı filialına malları mülkiyyətinə verilməsi öhdəsinə götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi, 16 fevral 2023-cü il tarixli, "xxxx" ASC tərəfindən verilmiş çıxarışın surətindən isə aydın olur ki, 249864,65 ABŞ dolları məbləğində vəsait 15 sentyabr 2021-ci il tarixdə “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin hesabına köçürülmüşdür. “Ziraat Bank Azərbaycan”ın “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti nə ünvanladığı 20 fevral 2023-cü il tarixli arayışından məlum olur ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti“nin Azərbaycan Respublikasındakı filialının VÖEN (**********) ZiraatBank” ASC-dəki hesabına 30 sentyabr 2021-ci il tarixdə köçürülmüş 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində vəsait avans ödənişləri və ya ixrac gömrük bəyannamələri üzrə bağlanılmasına istifadə edilməmişdir. "xxxx" ASC-nin “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respubliaksındakı filialına ünvanladığı 16 fevral 2023-cü il tarixli arayışından məlum olur ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti“nin Azərbaycan Respublikasındakı filialının hesabına 15 sentyabr 2021-ci il tarixdə 249864.65 dollar (iki yüz qırx doqquz min səkkiz yüz altmış dörd dollar altmış beş sent) məbləğində daxil olan vəsait avans ödənişləri və ya ixrac gömrük bəyannamələri üzrə bağlanılmasına istifadə edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaiti müəyyən edilmiş müddətdə istifadə olunmadan geri qaytarıldığı üçün «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar