Məhkəmə qərarları › İş №3(002)-872/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-872/2022

08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-872/2022 08.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 08 avqust 2022-ci il tarixdə saat təxminən 12:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən BDYPİ-nin 719 saylı postda polis əməkdaşının tələblərinə tabe olmamışdır. Belə ki, Şəxs idarə etdiyi “Volvo FH” yük markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlaması göstərişi verilmiş, həmin avtomaşın postdan 500 metr qarşıda Bakı istiqamətində saxlanılmışdır. Polis əməkdaşlarının tələblərinə tabesizlik etdiyinə görə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş və Bölmədə olarkən onun xx xxxx 1995-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru A.Y.Cəfərli Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə idarə etdiyi Volvo FH markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən Qaradağ postunda yol polisi əməkdaşları ona saxla əmri vermişlər. O avtomobili saxladıqdan sonra yol polisi əməkdaşı ona yaxınlaşaraq avtomobilində qanunla nəzərdə tutulmayan şüşələrdə tündləşdirici plyonka olduğunu və onun sökülməli olduğunu bildirmişdir. O, plyonkaları yerində sökəcəyini bildirmiş və sökmüşdür. Raportda qeyd olunduğu kimi yan şüşələrin sökülməsinə etiraz etməmişdir. Daha sonra sənədləri tələb etmişlər o, isə təqdim etmiş və yerində protokol yazılmasını xahiş etmişdir. Lakin polis əməkdaşı avtomobili duracağa yerləşdirməyi tələb etmiş, bunun səbəbini soruşduqda isə onlar mütləq posta yaxınlaşmağını və avtomobili açarı ilə birlikdə təqdim etməyi tələb etmişlər. O, avtomobildə yük olduğunu, avtomobilin GPS sisteminin qoşulu olduğunu və gömrük mərkəzinə getməli olduğunu bildirsə də ona güc tətbiq edərək polis bölməsinə gətirmişlər. Göründüyü kimi o, polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmiş, əksinə polis əməkdaşlarının bütün tələblərinə əməl etmişdir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Adgözəl Alıyev izahatında bildirmişdir ki, Bakı-Qazax yolunun 45.7-ci km-də 719 saylı postda xidmət apararkən BDYPİ-nin növbətçi hissəsi tərəfindən təxminən 12:20 radələrində saxlanması vacib olan Volvo FH yük markalı **-ZT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının saxlanılmasına göstəriş verilmiş həmin avtomaşın postdan 500 metr qarşıda Bakı istiqamətində saxlanılmışdır. Sonradan məlum olan avtomaşının sürücüsü xx.xx.1995-ci ildə Naxçıvan MR-də anadan olmuş hal hazırda Bakı şəhəri Nizami rayonu Qara Qarayev ünvanında yaşayan Şəxs yaxınlaşıb özünü təqdim etmişdir. Sürücü sənədləri ona təqdim etmiş, ona ön və yan şüşələrdə əlavə örtük plyonka olduğunu bildirmiş və onları sökməsini tələb etmişdir. Sürücü ön şüşədəki plyonkanı sökmüş, yan şüşələrdəki plyonkaları sökməkdən imtina etmişdir. Sürücünün sürücülük vəsiqəsinin olduğunu nəzərə alıb onu duracağa dəvət etmiş, sürücü avtomaşını duracağa qoymayacağını bildirmişdir. O, sürücünü nizam intizama dəvət etsə də sürücü onun qanuni tələbinə qəsdən tabe olmamış, onun bir daha sürücünü nizam intizama dəvət etməsinə baxmayaraq sürücü yenə də onun qanuni tələblərinə qəsdən tabe olmamış, açarları təqdim etməmiş, "harınlamısız" kimi sözlərlə təhqir etmişdir. O digər YPX naryadlarını köməyə çağırıb sürücünü patrul maşınına əyləşdirib polis bölməsinə təhvil vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və CD diski nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 08 avqust 2022-ci il tarixdə saat təxminən 12:20 radələrində idarə etdiyi Volvo FH yük markalı **-ZT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ilə hərəkətdə olarkən BDYPİ 719 saylı postunda Yol Patrul Xidmətinin əməkdaşları saxlanılmış, sonra yol polisi əməkdaşı ona yaxınlaşaraq avtomobilində qanunla nəzərdə tutulmayan şüşələrdə tündləşdirici plyonka olduğunu və onun sökülməli olduğunu bildirmişdir. O, avtomobildə yük olduğunu, avtomobilin GPS sisteminin qoşulu olduğunu və gömrük mərkəzinə getməli olduğunu bildirsə də ona güc tətbiq edərək polis bölməsinə gətirmişlər. Göründüyü kimi o, polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmiş, əksinə polis əməkdaşlarının bütün tələblərinə əməl etmişdir. Sonuncu heç bir etiraz etmədən polis əməkdaşının tələbinə tabe olmuş, əraziyə digər polis əməkdaşlarının gəlməsindən sonra K.C.X2 gətirilmiş, onun idarə etdiyi avtomobil isə duracağa aparılmışdır. Burada isə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, K.C.X4 Xidmətinin əməkdaşlarına qarşı heç bir qanunsuz hərəkətə və ifadələrə yol verməmiş, saxlanılarkən onların bütün tələblərinə tabe olmuşdur. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar