Məhkəmə qərarları › İş №3(002)-874/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-874/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-874/2022 07.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, qərardan şikayət vermiş şəxs X2, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, 20 sentyabr 1954-cü ildə Cəbrayıl rayonu Süleymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETŞ tərəfindən 18 fevral 2022-ci il tarixli MN ******* saylı qərar qəbil edilərək o, İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETŞ tərəfindən tərtib edilmiş protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə Lökbatan-Xocasən yolunun kənarında ona məxsus qeyri-yaşayış obyektinin fəaliyyəti zamanı yaranan tullantıların qanunla müəyyən edilməmiş qaydada qeyri qanuni olaraq qalaqlanmışdır. Lökbatan- Xocəsən yolunda ona məxsus ərazidə avtomobillərin saxlanılması üçün qeyri-yaşayış sahəsi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsindən bir qədər kənarda yığılmış tullantıların onların obyekti ilə heç bir əlaqəsi yoxdur və bunun üçün onlar heç bir məsuliyyət daşımır. Lakin əsassız olaraq onun barəsində protokol tərtib edilərək AR İXMnin 271-ci maddəsi ilə 2000 manat cərimə edilmişdir. Həmin qərar 18 fevral 2022-ci il tarixdə tərtib edilsə də bu barədə onun məlumatı olmamış, icra şöbəsindən onu çağıranda cərimə edildiyini bilmişdir. Protokolda onun iştirak etdiyi, lakin imza etmədiyi qeyd edilsə də bütün bunlar yalandır. Onun tərtib edilmiş protokoldan xəbəri olmamışdır və protokol tərtib edilərkən onu dəvət etməmişlər. Beləliklə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməlidir. Hesab edir ki, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri sübuta yetirilməmişdir. Buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X7 məhkəmə iclasında şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 şikayətçinin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, inzibati xəta haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. xx.xx.2022-ci il tarixdə monitorinq keçirilmiş Lökbatan-Xocahəsən yolunun kənarında həmin şəxsə məxsus qeyri yaşayış obyektlərinin fəaliyyəti zamanı yaranan tullantıların qanunla müəyyən edilməmiş qaydada qeyri qanuni olaraq qalaqlanması faktı aşkar olunmuşdur. X4 akt və protokol tərtib edilməsində iştirakı barədə məlumat verilsədə, lakin o, iştirakdan imtina etmişdir. Bu səbəbdən X7 barəsində İXM-nin müvafiq maddəsinin tələblərini pozduğuna görə 02 fevral 2022-ci il tarixli protokol əsasında barəsində 18 fevral 2022-ci il tarixdə qərar qəbul olunaraq 2000 manat cərimə edilmişdir. Qərarın surəti ünvanına göndərilmiş, lakin qəbul etməkdən imtina olunmuşdur. Həmçinin qərardan şikayət vermə müddəti keçmişdir. Halbuki həmin qərardan qanunvericilikdə şikayət vermə 10 gün müddət nəzərdə tutulmuşdur. Ona görə də hesab edir ki, X2 şikayət ərizəsi əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 fevral 2022-ci il tarixli 66310 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixli BD seriyalı 007 №-li sərəncama uyğun olaraq Qaradağ rayonu Xidməti ərazisində ətraf mühitin mühafizəsi “İstehsalat və məişət tullantısı haqqında” qanunların və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədi ilə növbəti reydlər keçirilən zaman xx.xx.2022-ci il tarixlərində Lökbatan Xocahəsən yolunun sağ kənarında X4 məxsus qeyriyaşayış obyektinin ofis binası və avtomobil vasitələrinə texniki xidmət məntəqələri ətrafında əsasən sürtük yağları ilə çirklənmiş parçalar eyni zamanda plastik qablar və paketlər olmaqla tullantıların ətraf ərazidə qalaqlanaraq istehsalat və məişət tullantıları haqqında qanunun 9,11,12-ci maddələrinin və ətraf mühitin mühafizəsi haqqında qanun 47-ci maddələrinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı olaraq həmin qeyri-yaşayış obyektlərinin sahibi ilə telefon əlaqəsi saxlanılan zaman şifahi şəkildə obyektin ona aid olmasını təsdiq etmiş və daha sonra həmin obyektlərin tikintisi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamı və digər mülkiyyətə dair sənədləri təqdim etsə də tullantıların idarə olunması ilə bağlı heç bir müqavilə təqdim edilməmişdir. Aşkar edilmiş faktla bağlı olaraq tərəfimizdən İbrahimli Mirzəyə yol verdiyi qanun pozuntuları ilə bağlı olaraq barəsində akt və protokol tərtib ediləcəyi bildirilsə də iştirak etməkdən və imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Lökbatan- Xocahəsən yolunun kənarında həmin şəxsə məxsus qeyri yaşayış obyektlərinin fəaliyyəti zamanı yaranan tullantıların qanunla müəyyən edilməmiş qaydada qeyri qanuni olaraq qalaqlanmışdır. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 18 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək, 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası İXM-nin 271.1-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərardan şikayət vermiş X2 dəlili ondan ibarət olmuşdur ki, qeyd olunan qurum tərəfindən protokol tərtib olunarkən ona məlumat verilməmiş, qərar icraya yönəldikdən sonra bu barədə məlumatı olmuşdur. Məhkəmə, şikayətçinin dəlilləri ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənəddən müəyyən olunmuşdur ki, 02 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar çıxarılması üçün M.V.İbrahimliyə eyni tarixdə xəbərnaməli dəvət məktubu göndərilmişdir. Bundan əlavə məhkəmə iclasında işin hallarının müəyyən edilməsi ilə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinə məhkəmə tərəfindən ünvanlanmış suallara cavab verilərkən qərardan şikayət vermiş X7 öz narazılığını ifadə edərək işin hallarının araşdırılması mərhələsində iştirak etməkdən imtina edərək məhkəmə iclas zalını tərk etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş 02 fevral 2022-ci il tarixli 66310 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixli BD seriyalı 007 №-li sərəncama uyğun olaraq Qaradağ rayonu Xidməti ərazisində ətraf mühitin mühafizəsi “İstehsalat və məişət tullantısı haqqında” qanunların və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədi ilə növbəti reydlər keçirilən zaman xx.xx.2022-ci il tarixlərində Lökbatan Xocahəsən yolunun sağ kənarında X4 məxsus qeyri-yaşayış obyektinin ofis binası və avtomobil vasitələrinə texniki xidmət məntəqələri ətrafında əsasən sürtük yağları ilə çirklənmiş parçalar eyni zamanda plastik qablar və paketlər olmaqla tullantıların ətraf ərazidə qalaqlanaraq istehsalat və məişət tullantıları haqqında qanunun 9,11,12-ci maddələrinin və ətraf mühitin mühafizəsi haqqında qanun 47-ci maddələrinin tələblərinin pozulması faktı aşkar edilmişdir. İstehsalat və məişət tullantıları haqqında 30 iyun 1998-ci il 514-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: -ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə; -əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafıq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar. Belə olan halda, məhkəmə şikayətçinin dəlillərini əsassız hesab edir. Beləliklə, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 271.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, xx.xx.2022-ci il tarixli qərarının inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar