Məhkəmə qərarları › İş №3(002)-876/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-876/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-876/2022 26.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə Əlayif oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair X13 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X20 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin sabiq işçiləri X11 və X2 Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Adıçəkilən şəxslər onlarla əmək müqavilələlərinin müddəti bitdiyindən onlara xitam verildiyi üçün X12 müraciət etmişdir. X14 bu şikayətə mahiyyəti üzrə baxmamışdır. Belə ki, cəmiyyətimizə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə xx.xx.2022-ci il tarixli, MN1290934 nömrəli inzibati tənbeh vermə haqqında qərarla o 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. X14 adıçəkilən şəxslərin son haqq-hesabının vaxtında ödənilmədiyini əsas gətirmiş və bu əsasla o cərimə edilmişdir. xx.xx.2022-ci il tarixində X9 ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi əsasında xitam verilmiş, onunla həmin tarixdə son hesablaşma aparılmış, son haqqhesabı da ona xx.xx.2022-ci il tarixində ödənilmişdir. Bunu həmin tarixdə edilmiş ödənişin ödəniş tapşırığı sübut edir. X7 gəldikdə isə qeyd etmək istərdik ki, xx.xx.2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi əsasında xitam verilmiş, onunla həmin tarixdə son hesablaşma aparılmış, son haqqhesabının ödənilməsi ilə bağlı ödəniş tapşırığı banka xx.xx.2022-ci il tarixində verilmişdir. Lakin iş gününün sonu olduğu üçün bank son haqq-hesab ödənişini X6 həmin gün köçürə bilməmiş, 1 gün sonra - xx.xx.2022-ci il tarixində köçürmüşdür. Qeyd edirik ki, bu, son haqq-hesab ödənişinin gecikdirilməsi kimi qələmə verilə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixində iş günü bitməyinə yaxın X9 ilə əmək müqaviləsinə xitam verilmiş və bank da həmin gün ödəniş etməyi çatdıra bilməmişdir. Bu da məqsədli şəkildə olmamış, iş günü bitdiyinə görə şəxsin son haqq-hesabı 1 gün sonra ona ödənilmişdir. X14 Xidmətinin əməkdaşları onun barəsində qərəzli mövqe tutmuş, son haqq-hesabı qəsdən yubatdıqları qənaətinə gəlmişdir. Buna görə də düşünür ki, xx.xx.2022-ci il tarixli, MN1290934 nömrəli inzibati tənbeh vermə haqqında qərarla bağlı inzibati icraata xitam verilə bilər. Bundan əlavə, əmək haqqının gecikdirilməsi məsələsinə gəldikdə bildirmək istərdik ki, "xxxx" MMC tikinti-quraşdırma işlərini həyata keçirən bir şirkətdir və bu işlərlə bağlı digər işəgötürənlərlə müqavilə bağlayaraq, onların tələb etdiyi işlər görür. "xxxx" MMC-nin əsas vəsaitləri də bu gördüyü işlərdən gələn gəlirlər hesabına formalaşır. Müvafiq layihələr icra edilərkən digər işəgötürənlərdən (şirkətlərdən) alınmalı olan vəsaitlər gecikdirilir və bunun da nəticəsində işçilərin əmək haqlarının verilməsində müvafiq gecikmələr yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş isin və ya verinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Əlavə olaraq qeyd etmək istərdik ki, İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır. Qeyd olunan xx.xx.2022-ci il tarixli, MN1290934 nömrəli nzibati tənbeh vermə haqqında qərar son haqq-hesabın ödənilməsindən sonra qəbul olunmuşdur. Bu da İXM-İn qeyd olunan məqsədinin həyata keçirilməsinin təmin edilməsinə imkan vermir. Yəni, adıçəkilən işçilərə vaxtında son haqq-hesab ödənilmiş, ödənildikdən sonra onun barəsində İXM-in 192.4-cü maddə ilə MN1290934 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunması qeyd olunan şəxs üçün heç bir müsbət nəticəyə səbəb olmur və İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən məqsədin təmin olunmasına imkan vermir. Faktiki olaraq, X11 və X1 haqq-hesablarının vaxtında ödənilməsi, son haqq-hesab ödənildikdən sonra barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi, inzibati tənbehi tətbiq etmiş orqanın qərəzli olması, qərarın ədalətli olmaması, işin hallarına uyğun gəlməməsi, işin hallarının tam, obyektiv araşdırmaması bu qərarın ləğv olunması üçün əsas ola bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə Əlayif oğlu izahatında bildirmişdir ki, araşdırma zamanı Poladis MMC-nin rəhbərliyi tərəfindən X14 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən X8 və X11 ilə bağlanmış müddətli əmək müqavilələrinə 19 may 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi və son haqqhesablaşmaların sonuncu iş günü əməkhaqqı bank hesablarına köçürüldüyü məlum olmuşdur. Odur ki, iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X16 lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasında iştirak etməmişdir. Lakin 26 avqust 2022-ci il tarixdə "Elektron Məhkəmə" sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, verdiyi şikayətin təmin edilməsini və 15 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X13 əmək haqqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yaranan nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verildiyi aşkar edilmişdir. X5 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan 043 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, 18 avqust 2018-ci il tarixdə işçi X8 ilə işəgötürən arasında 18 sentyabr 2019-cu il tarixinədək 01 ay müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan 18 may 2022-ci il tarixli əmək haqqının son haqq-hesab cədvəlinin surətindən görünür ki, X8 18 may 2022-ci il tarixdə işdən çıxmışdır. İş materiallarında olan 026 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, 17 avqust 2018-ci il tarixdə işçi X11 ilə işəgötürən arasında 17 sentyabr 2019-cu il tarixinədək 01 ay müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan 17 may 2022-ci il tarixli əmək haqqının son haqq-hesab cədvəlinin surətindən görünür ki, X11 17 may 2022-ci il tarixdə işdən çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, X13 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 53, 76, 84, 128, 133-135, 192.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 15 iyul 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında X13 barəsində tətbiq edilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar